Xəbərlər

Energetika naziri Natiq Əliyev Almaniyada keçirilən Ətraf Mühit və Enerji üzrə 14-cü toplantıda iştirak edəcək

16 fevral 2016

     Fevralın 19-da Berlin şəhərində Almaniyanın hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurasının təşkilatçılığı ilə Ətraf Mühit və Enerji üzrə 14-cü toplantı keçiriləcək. “Avropada enerji transformasiyasının yenidən qurulması: Rəqabətli, Təhlükəsiz, İnnovativ” mövzusuna həsr olunan toplantıda Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurasının prezidenti Werner M.Bahlsen və baş katibi Wolfgang Steigerin dəvəti, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin, qurumun Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə komissarı Günter Ottingerin, Almaniyanın Federal Kansler Aparatının rəhbəri və Xüsusi Tapşırıqlar üzrə naziri Peter Altmayerin, Almaniyanın federal ətraf mühit, təbiətin qorunması, tikinti və nüvə təhlükəsizliyi naziri Barbara Hendriksin və bir neçə ölkənin enerji sahəsində fəaliyyət göstərən yüksək səviyyəli nümayəndələrinin və aparıcı şirkətlərin təmsilçilərinin də iştirakı nəzərdə tutulur. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin toplantıdakı çıxışı Avropanın enerji infrastrukturuna transformasiya məsələləri ilə bağlı olacaq. 1963-cü ildən etibarən Almaniyanın bütün federal ərazilərində fəaliyyət göstərən Xristian-Demokratlar Birliyi partiyasının İqtisadiyyat Şurası Almaniyada biznes dairələrinin maraqlarını təmsil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyi də hazırda 11 minə yaxın üzvü olan İqtisadiyyat Şurasının üzvüdür.