Xəbərlər

Energetika Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilib

16 fevral 2016

     Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda Apellyasiya Şurasının yaradılmasından sonra Energetika nazirinin müvafiq əmrləri ilə “ Energetika Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə , həmçinin Şuranın və onun Katibliyinin tərkibinin təsdiq edilməsi barədə məlumatlar verilib. Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlərdən bəhs edilib. Bununla yanaşı, Apellyasiya Şurasının və onun Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılmasında səmərəliliyin təmin edilməsi və Şurada baxılacaq şikayətlərin məzmun üzrə təsnifatlaşdırılması meyarlarının müəyyən olunması məsələləri ətrafında müzakirələr aparılıb. Şuranın qarşısında duran vəzifələr müəyyənləşdirilib. Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasına nazir müavini Gülməmməd Cavadov rəhbərlik edir. 7 nəfərdən ibarət Şuranın tərkibinə nazirliyin müvafiq şöbələrinin məsul əməkdaşları daxildir.