Xəbərlər

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası keçirilib

29 fevral 2016

    Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası keçirilib. Toplantıda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın Nazirlər Şurasının Rəyasət Heyətinin icraçı katibi Klaudio de Vinçenti, Monteneqronun iqtisadi inkişaf naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və vitse-prezidenti Federika Mogerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Böyük Britaniyanın Beynəlxalq Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker, Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Aleksandr Antic, Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Panenic, həmçinin Asiya İnkişaf Bankının baş direktoru Tod Frilyand, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Cənubi Qafqaz üzrə regional meneceri Jan van Bilsen, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşounun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ikinci iclası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqi ilə başlanıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışaraq, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyev deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib. Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğulayıb. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışıb. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, - deyən Maroş Şevçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu deyib. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edib. Energetika naziri Natiq Əliyev texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” ilə bağlı ötən dövrdə görülən işlərdən danışaraq, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını deyib. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyərək bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirib. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP layihəsinin əhəmiyyətindən danışıb. O, “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışaraq, Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb. Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin Beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu əməkdaşlıqdan danışıb, bu layihənin reallaşmasında Azərbaycanın rolunu vurğulayıb. Daha sonra toplantı üç plenar sessiya və dəyirmi masa üzrə davam etdirilib.“Cənub Qaz Dəhlizi” layihəsi: 26 ay üzrə icra vəziyyəti” mövzusunda birinci plenar sessiyada “Şahdəniz Mərhələ 2”, “Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi”, TANAP, TAP layihələri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün işlərin cədvələ uyğun yerinə yetirildiyini bildirib, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırıb. Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri üçün ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirib. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru Yan Bradşou TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirib. İkinci plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen “Cənub Qaz Dəhlizi”nin strateji baxımdan önəmindən danışıblar. Üçüncü plenar sessiya və dəyirmi masada isə “Cənub Qaz Dəhlizi”nin reallaşmasında Türkiyənin rolu, CQD-nin Balkanlarda və digər ərazilərdə genişlənməsi, CQD İtaliyada və CQD-nin gələcəyinə baxış mövzularında müzakirələr aparılıb. Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze layihənin həyata keçirilməsində bu toplantının əhəmiyyətindən danışaraq, ölkəsinin “Cənub Qaz Dəhlizi”nə dəstək verdiyini bildirib. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak qısa vaxtda layihə ilə bağlı müəyyən uğurlara nail olunduğunu və ölkəsi tərəfindən növbəti addımların atılacağını deyib. Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos əsas diqqəti layihə çərçivəsində şirkətlər arasında əlaqələrə yönəldərək, layihənin icrası zamanı ətraf mühitin qiymətləndirilməsinə dair işlərdən danışıb. Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri bildirib ki, ölkəsi enerji strukturunu təkmilləşdirmək və müasirləşdirmək niyyətindədir, bu baxımdan “Cənub” qaz dəhlizi Albaniya üçün xüsusi önəm daşıyır. İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti ölkəsinin bu layihəyə dəstəyindən məmnunluğunu ifadə edib, “Cənub Qaz Dəhlizi”nin reallaşmasının Avropa qaz siyasəti üçün önəmini vurğulayıb. Bolqarıstanın energetika naziri Temenujka Petkova birləşdirici kəmərlər, texniki-iqtisadi əsaslandırmalar barədə danışıb, ölkəsində və Yunanıstan ərazisində ətraf mühitin və mülkiyyət məsələlərinin qiymətləndirilməsi ilə bağlı işlərin görüldüyünü deyib. Layihənin icrasına dair Türkiyə ilə müştərək qrupun yaradılacağını deyən bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının ölkəsinə öz təbii ehtiyatlarını şaxələndirməyə imkan yaradacağını diqqətə çatdırıb. Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç Albaniya və Monteneqro ərazisində texniki dəstək məsələlərinin müzakirəsindən və bu layihənin Avropa Komissiyasının maraqlarına cavab verməsi üçün lazımi işlərin həyata keçirilməsindən danışıb. Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyərək bildirib ki, bu layihə Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına töhfə verəcək. Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Avropa Komissiyasının vitse-prezidenti “Cənub Qaz Dəhlizi”ni dəstəklədiklərini vurğulayıb və bu dəhlizin yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi işinə töhfə olduğunu bildirib. Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edən Federika Moqerini “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ olduğunu vurğulayıb. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç aparılan müzakirələrin səmərəli olduğunu bildirib. Qeyd edib ki, bütün ölkələrdə layihənin gedişatı ilə bağlı tərəqqi var. “Cənub Qaz dəhlizi”nin çox vacib regionda reallaşdırıldığını deyən Maroş Şevçoviç bu toplantını növbəti dəfə təşkil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Toplantıya yekun vuran Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialının olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildirib. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlət başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin uğurla həll olunacağına əminliyini ifadə edib. Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarlığını bildirən Prezident İlham Əliyev imzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolunun xüsusi qeyd olunacağını bildirib. “Cənub Qaz dəhlizi” iri infrastruktur layihəsidir”, - deyən dövlət başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə edib. Layihə iştirakçıları olan ölkələr arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. Dövlət başçısı Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdırıb, “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib. Azərbaycanın neft tarixindən danışan Prezident İlham Əliyev bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft və qaz sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsini yaradıb. Dövlət başçısı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının üçüncü toplantısına dəvət edib. Sonra “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini imzalanma mərasimində iştirak ediblər. Birgə Bəyannaməni “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar. Bəyannamədə Məşvərət Şurası iştirakçılarının Avropa bazarlarının Azərbaycandan enerji daşıyıcılarının etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərinin inkişafı və dərinləşdirilməsini müəyyənləşdirdikləri vurğulanaraq, 2015-ci ilin 12 fevralında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclaından keçən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş naliyyətlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin CQD layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Bundan başqa müvafiq ölkələr tərəfindən Cənub Qaz Dəhlizi layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin yerinə yetirilməsi ilə bağlı işlərin başa çatdırılması təqdir edilir. Layihənin Avropa İttifaqının sərhədlərindən kənar bazarlara- Enerji Birliyi ölkələri kimi Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və nəzərdə tutulan infrastruktur sahibləri ilə texniki və kommersiya imkanlarının qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və "İon-Adriatik" qaz kəməri layihələrinə xüsusi maraq göstərildiyi vurğulanır. Sonda xatirə şəkli çəkilib. Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işini başa çatdırıb.