Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və təşkilatın hazırda 5 üzvü var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi Bağdad Amreyevdir (Qazaxıstan).

TDƏŞ-in əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilib və aşağıdakılardır:

- tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

- regionda və dünyada sülhün bərqərar edilməsi;

- xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

- beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

- ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

- ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

- hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

- elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

- kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

- hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılıb:

- Dövlət Başçıları Şurası;

- Xarici İşlər Nazirləri Şurası;

- Yüksək Vəzifəli Şəxslər Komitəsi;

- Ağsaqqallar Şurası;

- Katiblik.

Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDƏŞ-ə sədrlik edir.

Əlaqəli orqan və təşkilatlar

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) - 1993-cü ildə təsis edilib və qərargahı Ankarada yerləşir. Təşkilatın məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) - İstanbul sazişi əsasında yaradılıb və 2008-ci ildə fəaliyyətə başlayıb. Qərargahı Bakı şəhərində yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası - 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlayıb. Akademiyanın yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci il tarixlərində TDƏŞ-in Bişkekdə keçirilmiş ikinci Zirvə Görüşündə imzalanıb və Akademiyaya beynəlxalq status verilib. Türk Akademiyası Nur-Sultan şəhərində yerləşir. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi ilə yanaşı  dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondu  - 22-23 avqust 2012-ci ildə Bişkekdə keçirilmiş ikinci Zirvə Görüşündə yaradılıb və Nizamnaməsi imzalanıb. Qərargahı Bakı şəhərində yerləşir. Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.

Türk Biznes Şurası - 2011-ci ildə təsis edilib. Qurum TDƏŞ-ə üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Türk Ticarət və Sənaye Palatası - 2019-cu ildə təsis edilib. Üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

*************

Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ Xarici İşlər nazirləri Şurasının görüşləri keçirilir.

TDƏŞ-in bu günədək 7 Zirvə Görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan, Çolpan-Ata və Bakı) keçirilib.

Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin mart ayında Nur-Sultanda keçirilib və “Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi”, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilib.

5 oktyabr 2012-ci ildə Naxçıvanda üzv dövlətlərin gömrük orqanları rəhbərlərinin birinci görüşü keçirilib və TDƏŞ gömrük orqanları rəhbərlərinin birinci görüşünə dair Bəyannamə imzalanıb.

16 avqust 2013-cü ildə Qəbələdə TDƏŞ-in üçüncü Zirvə Görüşü keçirilib.   Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən “Turizm üzrə İşçi Qrupu” yaradılıb və 10 dekabr 2013-cü ildə İşçi Qrupun ilk iclası keçirilib.

2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlayıb.

21 iyun 2013-cü ildə Bakıda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə TDƏŞ-ə üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilib.

22 noyabr 2013-cü ildə TDƏŞ-ə üzv ölkələrin Təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilib.

24-25 oktyabr 2014-cü ildə Naxçıvanda “İqtisadi inteqrasiya imkanları və meydana çıxan çətinliklər” mövzusunda TDƏŞ-in Biznes Şurasının 3-cü görüşü və 3-cü Biznes Forumu keçirilib.

20-21 dekabr 2016-cı ildə Bakıda TDƏŞ-in İşçi Qruplarının və İqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilib.

15 oktyabr 2019-cu ildə Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçirilib və Özbəkistanın təşkilata üzvlüyü təsdiq edilib. Həmçinin Zirvə Görüşündən bir gün əvvəl Biznes Forum keçirilib. Bu Zirvə Görüşündən sonra təşkilata sədrlik növbəti Zirvə Görüşünədək (2020-ci il) Azərbaycan Respublikasına keçib.

Azərbaycan Respublikasının TDƏŞ-ə sədrliyi dövründə 2020-ci ildə TDƏŞ-ə üzv ölkələrin Energetika nazirlərinin və Energetika üzrə İşçi Qrupunun 1-ci iclasının Azərbaycanda keçirilməsinə razılıq verilib.