Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb və Azərbaycan həmin tarixdən Təşkilatın təsisçi üzvüdür.

Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna və Serbiya təşkilata üzv ölkələrdir. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.

Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir və QDİƏT-in əlaqədar təşkilatlarında fəal iştirak edir

2005-2007-ci illərdə Azərbaycan Respublikası QDİƏT-in enerji üzrə işçi qrupunun fəaliyyətini koordinasiya edib. 2020-2021-ci illərdə işçi qrupuna əlaqələndirici ölkə kimi Azərbaycan Respublikasının namizədliyi irəli sürülüb.

5-9 sentyabr 2007-ci il tarixində Ankara şəhərində keçirilən QDİƏT çərçivəsində Türkiyənin Elektrik Enerjisi Resursları Araşdırma və İnkişaf Administrasiyası tərəfindən Enerji səmərəliliyi və enerji menecmenti mövzusunda keçirilən seminarda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

15 may 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Üzv Dövlətlərinin enerji üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

4 dekabr 2018-ci il tarixində İstanbulda keçirilən QDİƏT-in enerji üzrə işçi qrupunun növbəti iclasında Energetika Nazirliyinin nümayəndəsi sədr qismində təmsil olunub.

28-30 noyabr 2019-cu il tarixlərində İstanbulda keçirilən enerji üzrə işçi qrupunun növbəti iclasında Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.