İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirməsi məqsədi ilə yaradılıb.

1992-ci ildə daha 7 dövlət təşkilata üzv olub. Üzv ölkələr: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan.

Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

1992-ci il noyabrın 28-də Azərbaycan İƏT-ə üzv olub. Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalayıb.

2008-ci ildə İƏT-in Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayıb. Bankın əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanıb, 15 fevral 2013-cü il tarixində isə Milli Məclis tərəfindən ratifikasiya olunub.

24-25 sentyabr 2012-ci il tarixində İƏT-in enerji üzrə yüksək səviyyəli ekspertlər qrupunun Ankara şəhərində keçirilən II iclasında Energetika Nazirliyi təmsil olunub.

4-6 mart 2013-cü il tarixində Tehran şəhərində keçirilmiş İƏT üzv ölkələrin energetika nazirlərinin 3-cü toplantısında iştirak edilib.

6-8 may 2013-cü il tarixində İranın Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 23-cü iclasında Energetika Nazirliyi də təmsil olunub.

5-6 noyabr 2013-cü il tarixində Tehran şəhərində İran Enerji Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “İƏT Regional Elektrik Enerjisi Bazarının yaradılması” üzrə ekspertlər qrupunun 1-ci iclasında Energetika Nazirliyinin iştirakı təmin edilib.

26 noyabr 2013-cü ilin tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilib. İclasda İƏT-in Bakıda Tədqiqat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilib və Mərkəzin Əsasnaməsi təsdiq olunub. 2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrin iqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-iqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutub.

25-26 may 2015-ci il tarixində Tehran şəhərində İƏT-in Energetika üzrə Yüksək səviyyəli ekspertlər qrupunun 3-cü iclası keçirilib.

26-27 noyabr 2015-ci il tarixində İƏT-in Baş Katibi Halil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

5-8 dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində İƏT-in Regional Planlaşdırma Şurasının 27-cı iclası keçirilib.

1 mart 2017-ci il tarixində Pakistan İslam Respublikasının islamabad şəhərində İƏT-in 13-cü Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Energetika naziri Natiq Əliyev də iştirak edib.

14-16 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-in Regional Planlama Şurasının 30-cu iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

14-16 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 30-cu iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.