Təşkilatın əsas məqsədləri - Demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması, beynəlxalq və regional təhlükəsizlik və dayanıqlılığın möhkəmləndirilməsi, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropaya inteqrasiyanın dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, sosial-iqtisadi, nəqliyyat, enerji, elmi, texniki və humanitar potensialın inkişaf etdirilməsidir.

GUAM-ın Nizamnaməsinə əsasən, GUAM strukturuna Şura və Kiyev şəhərində yerləşən Katiblik daxildir. Təşkilatın əsas orqanı olan Şura öz fəaliyyətini dövlət başçıları, xarici işlər nazirləri, milli əlaqələndiricilər və GUAM yanında daimi nümayəndələr səviyyəsində həyata keçirir. GUAM Xarici İşlər Nazirləri Şurasının 2015-ci il 15 may tarixində Bratislava şəhərində keçirilmiş 25-ci iclasının qərarına əsasən, Altay Əfəndiyev 2016-cı il 1 yanvar tarixindən etibarən 4 illik müddətə təşkilatın Baş katibi təyin olunub.

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna tərəfindən təsis edilmiş regional təşkilatdır. İlk öncə GUAM Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna Prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd dövlətlərin birliyi kimi fəaliyyətə başlayıb. Kommünikedə Prezidentlər tərəfindən suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyi vurğulanıb.

2001-ci il 7 iyun tarixində Yaltada təşkil olunmuş birliyin ilk Zirvə Toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynayıb. Dövlət başçıları tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirib.

2006-cı il 22-23 may tarixlərində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı əsas vəzifələri əks etdirən “Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev Bəyannaməsi” qəbul olunub.

GUAM-ın Nizamnaməsinə uyğun olaraq, təşkilatın hər bir üzv dövləti rotasiya prinsipi esasında öz sədrliyini bir illik müddətdə həyata keçirir. Azərbaycan Respublikası 2020-ci ildə GUAM Nizamnaməsinə uyğun olaraq rotasiya prinsipi əsasında təşkilata sədrlik edir.

Azərbaycan Respublikası 2007-ci ilin iyun – 2008-ci ilin iyul tarixində və  2012 və 2016-cı illərdə GUAM-a sədrlik edib.

GUAM üzv dövlətlərinin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2002-ci ildə GUAM Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. 

2004-cü ildə GUAM Parlament Assambleyası təsis edilib. GUAM Parlament Assambleyasının tərkibinə hüquqi məsələlər, ticari-iqtisadi məsələlər, siyasi məsələlər və regional təhlükəsizlik, elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə komitələr daxildir.

Nizamnaməyə əsasən, GUAM, əməkdaşlığa maraq göstərən və Nizamnamənin məqsəd və prinsiplərini bölüşən dövlətlər və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətləri qura bilər və onlara müşahidəçi statusu verə bilər.

2003-cü ildə təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusu verilib. BMT Baş Assambleyasının gündəliyinin BMT ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq bəndi altında 2012-ci ildən etibarən ardıcıl olaraq “Birləşmiş Millətlər Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM arasında əməkdaşlıq” adlı qətnamə qəbul olunur. Bu qətnamələrdə, layihələrin birgə həyata keçirilməsi və ümumi məqsədlərə nail olmaq üçün BMT-nin ixtisaslaşmış qurum, təşkilat, proqram və fondları GUAM-la əməkdaşlıq etməyə və birbaşa əlaqələri inkişaf etdirməyə dəvət olunurlar.

2016-cı ilin dekabr ayında GUAM BMT-nin Sivilizasiyalar Alyansına üzv qəbul olunub.

2017-ci il 27 mart tarixində Kiyevdə keçirilmiş GUAM-ın Hökumət Başçılarının növbəti görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanıb. Sözügedən Protokol Azərbaycan Respublikası Prezidentinin 7.08.2017-ci il tarixli 1575 nömrəli Fərmanı ilə təsdiq olunub.

GUAM üzv dövlətləri arasında sahəvi əməkdaşlıq işçi qruplar çərçivəsində həyata keçirilir. Nizamnaməyə əsasən, Xarici İşlər Nazirləri Şurasının qərarı ilə daimi və ya müvəqqəti əsasda təşkilatın işçi və köməkçi orqanları yaradıla bilər. Hal-hazırda GUAM-da iqtisadiyyat və ticarət məsələləri, nəqliyyat, energetika, informasiya texnologiyaları məsələləri, cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi məsələləri, fövqəladə hallar, kibertəhlükəsizlik, elm və təhsil, mədəniyyət və turizm, idman və gənclər məsələləri üzrə işçi qruplar fəaliyyət göstərir.

Energetika üzrə işçi qrupu - 2002-ci ilin 6 dekabr tarixində GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın energetika üzrə işçi qrupu yaradılıb.

GUAM ölkələrinin 2006-cı il 22 may tarixində keçirilmiş iqtisadiyyat, energetika, nəqliyyat nazirləri və gömrük xidməti rəhbərlərinin birgə iclasında qəbul edilmiş Protokola əsasən qeyd olunan sahələrdə ümumi maraqların və bu maraqları reallaşdırmaq üçün potensialın qiymətləndirilməsi, eləcə də sözügedən sahələrdə aktual məsələləri və perspektivli istiqamətləri müzakirə etmək məqsədilə illik görüşlərin keçirilməsi barədə razılığa gəlinib.

Azərbaycan 2011-2012, 2013-2014, 2015-2016, 2017-2018-ci illər üçün təşkilatın Energetika məsələləri üzrə əlaqələndiricisi funksiyasını yerinə yetirib. Həmçinin, 2019-2020-ci illər üzrə də əlaqələndirici ölkədir.

İşçi qrupda əlaqələndirici olmaq müvafiq üzv-dövlətə həmin sahə üzrə əməkdaşlığı öz maraqları istiqamətində qurmaq və inkişaf etdirmək, eləcə də bu istiqamətdə təşəbbüslərlə çıxış etmək üçün imkan yaradır. Azərbaycanın əlaqələndirici kimi vəzifələrinə işçi qrupunun illik iş planının hazırlanması və razılaşdırılması, təşkilata üzv dövlətlərin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə il ərzində ən azı iki dəfə işçi qrupunun iclaslarının keçirilməsinin təmin edilməsi, işçi qrup üzrə rəhbərin təyin edilməsi kimi məsuliyyətlər daxildir.

20 dekabr 2011-ci ildə Bakıda GUAM-ın enerji üzrə işçi qrupunun 5-ci iclası keçirilib.

12-13 mart 2012-ci ildə GUAM-ın enerji üzrə işçi qrupunun 6-cı iclası Azərbaycanın sədrliyi ilə Kiyevdə keçirilib.  

28-31 oktyabr 2014-cü ildə Macarıstanın Sentendre şəhərində “GUAM üzv ölkələrində yaşıl iqtisadiyyatın təşviq olunması: bərpa olunan enerji mənbələrinin təşviqi” layihəsinin 2-ci fazası çərçivəsində keçirilmiş seminarda Energetika Nazirliyinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının 2020-ci ildə GUAM-a sədrliyi dövründə GUAM-a üzv ölkələrin Energetika nazirlərinin iclasının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.