BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 53 üzv və 9 assosiativ üzvdən ibarətdir. Təşkilatın İcraçı katibi 2018-ci ilin sentyabr ayından etibarən xanım Armida Salsiah Alisjahbanadır (İndoneziya).

Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir. UNESCAP-ın fəaliyyət göstərdiyi 9 istiqamətdən biri məhz enerjidir.

Azərbaycan 31 iyul 1992-ci ildən təşkilata üzvdür. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial icmalını hazırlayaraq təşkilata təqdim edir.

2 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və Asiya və UNESCAP-ın o dövrdəki icraçı katibi pakistanlı xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində regionda iqtisadi vəziyyətin perespektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya təşkil olunub. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

15-19 may 2017-ci il tarixində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilib. Tədbirdə Energetika nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

7-11 oktyabr 2019-cu il tarixlərində Taylandın paytaxtı Banqkokda UNESCAP çərçivəsində Dayanıqlı İnkişaf üçün Enerji üzrə 10-cu Beynəlxalq Forum və UNESCAP-ın Energetika Komitəsinin 2-ci sessiyası keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.