Gerb

Mətnin ölçüsü Plus Minus


Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını
XIX əsrin ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmişlər.
və bir çox xarici şirkətlər burada uğurlu fəaliyyət göstərmiş, 
neft hasilatını təmin etmişlər. 
Heydər Əliyev

 Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur. 
 I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.
 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.
 Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. 
O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. İcarədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı olmuşdur. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır. 1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma
 zavodları tikilib istismara verildi. 
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.
 1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır.
Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdır.
 II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür.
7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
III mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
 Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks  mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.
IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
 Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
V mərhələ SSRİ-nin dağılması, müstəqillik dövrünün və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın yeddi ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Təsadüfü deyil ki, bu saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı. Bu sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşları 60 mlrd dollara çatdırıldı.
Bağlanmış sazişlər nəticəsində Azərbaycanın neft sənayesində köklü islahatlar aparıldı, güclü infrastruktur yarandı, neft sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirildi. Respublikamızın neft donanması, ümumiyyətlə dəniz neft sənayesinin infrastrukturu yenidən quruldu. “Bakı” elmi-tədqiqat gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən birinə çevrildi. “Xəzərdənizneft” yarımdalma qazma qurğusu yenidən quruldu və “Dədə Qorqud” adı ilə ikinci həyata başladı. “Şelf-5” qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq dünyada ən böyük üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında “İstiqlal” adı ilə istifadəyə verildi. Dənizin daha dərin hissələrində neft quyuları qazmağa imkan verən ən müasir çoxfunksiyalı özüqalxan “Qurtuluş” və H. Əliyev adına yarımdalma “Lider” adlı qazma qurğuları yaradıldı. 2002-ci ilin yayında Xəzərdə ən yeni texnologiyalar əsasında ilk dəfə qazma qurğuları üçün sualtı dayaq tavası quraşdırıldı.”Tofiq  İsmayılov” dalğıc, “Azərbaycan”, ”İsrafil Hüseynov”  kran gəmiləri təmir edilib yeni avadanlıqlarla təchiz olundu. Dənizdə “Çıraq-1” platforması beynəlxalq standartlara uyğun yenidən quruldu. Bu platformadan sahilədək 120 metr dərinlikdə 176 km uzunluğunda neft, “Neft Daşları” na 48  kilometrlik qaz kəmərləri çəkildi. Heydər Əliyev adına Dərin özüllər zavodu yeniləşdirilərək dəniz platformalarının tikintisinə cəlb olundu. Dünyanın ən iri neft terminalından olan Səngəçal terminalı tikildi. ACQ yataqlarında beynəlxalq standartlara cavab verən dəniz özülləri quraşdırıldı. 2002-ci ildə Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) üzrə terminalın genişləndirmə işlərinə başlandı. Eyni zamanda ölkəni neft-qaz kompleksində mühüm iqtisadi və dövlət idarəetməsi sahəsində islahatlardan kənarda qalmamışdır. Belə ki, göstərilən zaman kəsiyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin  səmərəliliyinin artırılması məqsədi ilə dəfələrlə onun strukturuna dəyişikliklər edilmiş, mövcud infrastrukturu təkmilləşdirilmişdir.
Dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft yataqlarının birgə işlənməsindən əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı.
        “Əsrin müqaviləsi”nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin Ulu öndərimiz Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşurutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı il yanvar ayında “Azərbaycan neftinin Bakı-Novorossiysk marşurutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km ,illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
Lakin bütün bunlara baxmayaraq, həmin dövrdə əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi aktual və ziddiyyətli məsələ olaraq hələ öz müsbət həllini tapmamışdır. Nəhayət, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində, ATƏT Sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı.
Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən , eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilmişdir. 1996-cı ildə bağlanmış “Şahdəniz” müqaviləsi artıq öz səmərəsini verməkdədir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2006-cı ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memerandumu”nu imzalamaqla,bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start vermiş, ölkəmiz enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının ən yaxın tərəfdaşlarından birinə çevrilmişdir.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz  kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. 
 Neft-qaz təsərrüfatında baş verən ən mühüm hadisələrdən biri kimi 2010-cu ildə Azərbaycanda yeni böyük qaz yatağı –“Ümid” yatağının kəşf edilməsidir. Əldə olunan böyük nailiyyətlərdən biri də “Abşeron” yatağının ehtiyatlarının müəyyən edilməsidir. ”Abşeron” yatağının ehtimal olunan ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir. Bu yatağın kəşf edilməsi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon  550 milyard  kubmetrə çatmışdır. Yaxın gələcəkdə isə yeraltı qaz ambarlarının tutumunun isə 5 mlrd kubmetrə çatdırılması nəzərdə tutulur.
Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, Yeni neft strategiyası əsas məqsədinə-ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olunmuşdur. 


Printer