TRANS-ADRİATİK BORU KƏMƏRİ – TAP

      Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi CQBK və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsve Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

     TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

   Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. İcrası. Layihə üzrə işlər 65 faiz icra olunub. Biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

    TAP –ın ümumi dəyəri 4,2 mlrd. avro təşkil edir.  2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

    TAP-ın səhmdarlarının layihədə payları- BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).