Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. Qanunda "enerji resurslarından səmərəli istifadə - texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azaldılması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” şəklində müəyyənləşdirilib.

Bu qanunla enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlət tənzimlənməsinin əsas istiqamətləri, habelə enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin əsas istiqamətləri aydınlaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinin əsas tutulacağı qeyd edilib.

Ölkəmizin enerji səmərəliliyi siyasəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (əhalinin elektrik və istilik enerjisi, su və təbii qazla təminatı) inkişafına dair Strateji Yol Xəritəsində də öz  əksini tapmışdır  ki, burada enerji səmərəliliyi üzrə tədbirlərin əsas icraçısı Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilmişdir. Kommunal xidmətlər sektorunda mühüm dəyişikliklərə təkan verəcək yol xəritəsinin icrası ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsində mühüm addım olmuşdur.

Sənəd 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə, "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 1996-cı il tarixli 512 nömrəli Fərmanına uyğun olaraq enerji səmərəliliyi sahəsində dövlət siyasətini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

Ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsi üçün paralel olaraq, həm istehsal, həm də istehlak sektorunda önəmli tədbirlər həyata keçirilir.

İstehsal sektorundakı tədbirlərə misal olaraq, müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernizasiyası, neft emalı sahəsində yenidənqurma işlərinin aparılması, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində görülən işləri qeyd etmək olar.

İstehlak sektorunda həyata keçirilən tədbirlərin mühüm hissəsini əhalinin maarifləndirilməsi və istehlakçıların enerji səmərəliliyi tədbirlərinə cəlb edilməsi məqsədilə təbliğatın genişləndirilməsi təşkil edir. Enerjini resurslarından səmərəli istifadə edən cihaz və avadanlıqların istifadəsi, tikinti və təmir işlərində enerji səmərəliliyi normalarına əməl edilməsi, müasir standartların tətbiqinin genişləndirilməsi, effektivlik norma və qaydalarına riayət edilməsi istehlakda səmərəliliyin təmin edilməsinin əsas hissəsini təşkil edir.

Belə ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunu təsdiq edimiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmişdir.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra normativ-hüquqi akt layihələri hazırlanmış, enerji auditinin keçirilməsi, enerji menecment sistemi – İSO50001 standartının tətbiqi, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi və s. kimi məsələləri əhatə edən aktlar hökumət tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi İnkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən edilmişdir ki, həmin prioritetə uyğun olaraq, energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcəkdir. Enerji səmərəliliyinin təmin edilməsi, habelə iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması sözügedən prioritetin əsasını təşkil edir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 5-ci “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetinin Enerji səmərəliliyinin təmin edilməsi fəaliyyət istiqamətində  aşağıdakı tədbirlərin həyata keçirilməsi Energetika Nazirliyinə həvalə olunmuşdur:

1. İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin təmin edilməsi;

2. Enerjinin istehsalı və təchizatı (nəql, ötürülmə, paylanma və s.) sahələrində enerji səmərəliliyinin təmin edilməsi;

3. Özəl (yaşayış, kommersiya və ofis) və ictimai binalar üçün Milli Renovasiya Proqramının hazırlanması və həyata keçirilməsi;

4. Enerji səmərəliliyinə dair normativ texniki aktların hazırlanması, monitorinq və hesabatlılıq sisteminin tətbiq edilməsi.

Azərbaycan Respublikası Prezidentinin 16.11.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədləri sırasında təbii resurslardan səmərəli və effektiv istifadə etmək, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının təşviqini təmin etmək kimi məsələlər vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2022-ci il 357s nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında enerji səmərəliliyinin təmin edilməsi və yaşıl texnologiyaların tətbiq edilməsi istiqamətində aşağıdakılar nəzərdə tutulur:

- Tikintidə enerji səmərəliliyi tələblərinin müəyyən edilməsi;

- Enerji istehlak edən və enerji istehlakına təsir edən cihazların, avadanlıqların və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üçün təkliflərin hazırlanması;

- İqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi məqsədilə tədbirlərin təşviqi;

- Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi;

- Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi;

- Tikinti qurğularında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi ;

- Yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi;

- Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması;

- Nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsi.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilməkdədir.

Digər xəbərlər