Xəbərlər

“Respublika” qəzetində energetika naziri Natiq Əliyevin “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr edilmiş “Şərqlə Qərbi birləşdirən dəhliz” adlı məqaləsi dərc olunub

16 may 2016

 Şərqlə Qərbi birləşdirən dəhliz

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Ulu Öndərin enerji siyasətinin töhfəsi olan daha bir tarixlə əlamətdardır. Belə ki, mayın 15-də Gürcüstanda “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək. Azərbaycan da bu mərasimdə baş nazir Artur Rasizadə və energetika naziri səviyyəsində təmsil olunacaq. Tarixə qısaca ekskurs edərək bildirək ki, “Şərq-Qərb” enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır.

   1996-cı il mart ayının 8-də Azərbaycan Respublikası və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilmişdir. Uzunluğu 830 kilometr, layihə gücü ildə 5,1 milyon ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulmuşdur.

   Bakı-Supsa ixrac neft kəməri layihəsinin reallaşdırılması müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin gələcəyə hədəflənmiş məqsədyönlü strategiyasının nəticəsi idi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışının ilk illərindən irəli sürdüyü bu strategiya Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsaslarını formalaşdırmışdır. Dünya iqtisadiyyatında enerji ehtiyatlarının ən iri istehsalçı və təchizatçılarından biri kimi Azərbaycanın yeri və rolu konkretləşdirilmiş, onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirilmişdir. Ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə xarici investisiyaların cəlbi, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması qarşıya məqsəd qoymuşdur.

   Böyük dövlət adamı olan Heydər Əliyev yaxşı bilirdi ki, zəngin təbii ehtiyatlara malik Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, öz milli sərvətlərinin sahibinə çevrilməsi, heç bir dövlətin iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geopolitik regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Ona görə də neft marşrutlarının alternativliyinə nail olmaq Heydər Əliyevin irəli sürdüyü neft strategiyasının əsas prioritetlərindən idi. Bakı-Supsa neft kəməri isə bu istiqamətdə atılmış ilk addımlardan oldu.

   Azərbaycan neftinin ixrac marşrutları ilə bağlı məsələlər 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə aktuallaşdı. O zaman əsas magistral kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi ideyası ətrafında müzakirələrlə yanaşı, Bakı-Novorossiysk xəttinin də inşasına başlandı. Lakin Çeçenistan müharibəsi ilə əlaqədar Bakı-Novorossiysk xəttində tez-tez baş verən terror aktları və müxtəlif qəzalar nəticəsində yaranan fasilələr neft ixracatçıları üçün alternativ neft kəmərinin tikilməsi zərurətini daha da aktuallaşdırmış oldu. Belə alternativ variant rolunu məhz Bakı-Supsa layihəsi oynadı.

   Həm siyasi əhəmiyyətinə, həm də Azərbaycan neftini Qərb boru kəməri ilə təmiz şəkildə dünya bazarına çatdıraraq, neftin hər barelinin ən azı 1 dollar baha satılmasını təmin etmə perspektivinə görə bu layihənin tezliklə reallaşdırılmasına maraq çox yüksək idi. Bununla belə, Bakı-Supsa layihəsinin həyata keçirilməsi, heç də, asan başa gəlmədi. Siyasi maraqlar və müxtəlif təzyiqlər səbəbindən qarşıya müəyyən maneələr çıxdı. O zaman layihənin əleyhdarları sübut etməyə çalışırdılar ki, Bakı-Novorossiysk neft kəməri mövcud olduğu halda, yuz milyonlarla dollar dəyərində əlavə neft kəmərinin tikilməsinə ehtiyac yoxdur. Lakin Ulu Öndər Heydər Əliyevin müdrik qərarları sayəsində bütün bu problemlər yoluna qoyuldu. Heydər Əliyev Qərb boru kəmərinin tikintisinin ləngiməsi ilə bağlı irəli sürülən arqumentlərlə razılaşmayaraq, tikintinin vaxtında icra olunmasında qətiyyət nümayiş etdirdi. Qiymətləndirmə, əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı yaranan mübahisələr, layihənin reallaşması ilə bağlı ortaya çıxan təhlükələrə rəğmən kəmərin inşası sazişin imzalanmasından 3 il sonra icra olundu.

   1997-ci il noyabrın 12-də Heydər Əliyev Sarayında, Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə təntənəli mərasim keçirildi. 1998-ci il dekabrın 10-da Bakı-Supsa kəmərinin ilkin neftlə doldurulmasına başlandı. Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı. Nəhayət, həmin ilin aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutdu.

   Bakı-Supsa layihəsi təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də, onun ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsəri idi. Ulu Öndərin bu qətiyyətində, Bakı-Supsa layihəsinin başa gəlməsi üçün israrlı əməyində nə qədər haqlı olduğunu tarix sonralar dəfələrlə sübuta yetirəcəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1999-cu ildə bu xüsusda demişdir: “Real həyat növbəti dəfə Heydər Əliyevin uzaqgörənliyini, onun hazırladığı, siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurulmuş çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərdi. Bu gün bizdən asılı olmayan səbəblərə görə Bakı-Novorossiysk neft kəməri faktiki olaraq işləmir. Bir anlığa təsəvvür edin ki, digər imkanlardan məhrum olsaydıq, biz hansı itkilərə məruz qalardıq. Bircə onu qeyd etmək kifayyətdir ki, bu halda «Çıraq» yatağında neft hasilatı dayandırılardı».

   ABŞ Prezidenti Bill Klinton da «Bakı-Supsa ilkin neft xəttinin rəsmi açılışının iştirakçılarına» ünvanlandığı məktubunda belə qeyd etmişdir: “Əgər prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin liderliyi, Azərbaycan və Gürcüstan xalqları və hökumətlərinin təmkini və davamlı səyləri, habelə bu layihədə iştirak edən bir çox enerji şirkətlərinin təcrübəsi və köməyi olmasaydı, biz bugünkü tarixi hadisəyə nail ola bilməzdik”.

   Bakı-Supsa neft kəmərinin inşası istər Azərbaycan, istər Gürcüstan, istərsə də Xəzər dənizinin Azərbaycan sektorunda neft çıxaran şirkətlər üçün, həqiqətən tarixi hadisə idi. Bu layihənin iqtisadi üstünlüklərini rəqəmlərin dili ilə də izah etməyə çalışaq: əgər Novorossiysk limanına çıxan “Şimal” boru kəməri ilə hər ton neftə görə tarif 15,67 dollar təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə 1 ton neftin nəqletmə tarifi 3,14 dollar (1 barrelə görə isə 0,43 dollar) təşkil edirdi. Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (hər barrel üçün 0,17 dollar) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü. Bu marşrutun üstünlüyü təkcə Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılması və neftin daha ucuz nəql olunması ilə məhdudlaşmadı. Azərbaycanla Gürcüstan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına rəvac verməklə, bu ölkənin də iqtisadi cəhətdən inkişafına töhfə vermiş oldu. Gürcüstan Bakı-Supsadan həm də tranzit ölkə kimi yararlandı.

   Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəmərilə 76,3 milyon ton neft nəql olunmuşdur. Təbii ki, iqtisadi mənfəət də ixrac həcminin artmasına düz mütənasib olaraq artmışdır. Amma Bakı-Supsanın əhəmiyyətini yalnız maliyyə-iqtisadi göstəricilərlə müəyyənləşdirmək, zənnimizcə, onun missiyasını kiçiltmiş olardı. Bakı-Supsa Şərq-Qərb enerji dəhlizinin baza elementi olmaqla yanaşı, həm də, Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi. Azərbaycan və Gürcüstan nümunəsində bölgədə iki müstəqil dövlətin bu günə qədər qorunaraq daha da inkişaf etdirilən dostluq, strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoydu.

   Ulu Öndər Heydər bu kəmərin məhz siyasi mahiyyətindən çıxış edərək demişdir: “...Siyasi nəticələr iqtisadi nəticələrdən heç də az olmayacaqdır. Ən əvvəl, Qərb neft kəməri bütün dünyaya göstərəcək ki, müstəqil dövlətlər kimi Azərbaycan və Gürcüstan, heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatırlar”.

   Heydər Əliyev Bakı-Supsa Qərb neft ixrac boru kəmərini "Gürcüstanla Azərbaycan arasında dostluq və əməkdaşlığın parlaq misalı", "Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfə" kimi səciyyələndirirdi.

   Qərb siyasi dairələri də o zaman haqlı olaraq belə fikir yürüdürdülər ki, bu boru kəmərinin faydası enerji sektorunun çərçivəsindən çox-çox kənara çıxır. Bu xətt Şərq-Qərb dəhlizinin təməl daşı olacaq və bütün Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəkdir.

   Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmər oldu. Bakı-Supsa layihəsi ilə yaradılan Şərq-Qərb dəhlizinin sonradan transmilli layihələrlə genişləndirilməsi isə enerji resurslarının dünya bazarlarına təhlükəsiz marşrutlarla çatdırılmasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Xəzərin enerji ehtiyatlarını dünya bazarlarına çatdıran Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün Şərq-Qərb enerji dəhlizinin əsas vasitələridir. Bu siyasət Cənub Qafqaz Boru Kəməri Sisitemi, Cənub Qaz Dəhlizi vasitəsilə enerji dəhlizinin daha da genişləndirilməsini təmin etmiş, nəticədə Şərq-Qərb nəqliyyat dəhlizinin miqyasının və əhəmiyyətini artırmışdır. Təsadüfi deyildir ki, bu layihələr həm də Böyük İpək Yolunun bərpasına dəstək kimi qiymətləndirilir. Şərq-Qərb dəhlizinin reallaşdırılması regionda sabitliyin, yüksək əməkdaşlığın və iqtisadi imkanların inkişafının zəmaətçisidir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı artıq 20 ildən çoxdur ki, Şərq-Qərb enerji dəhlizi və enerji təhlükəsizliyi məsələrinin həllində açar rolunu oynamaqdadır.

   20 il əvvəl Şərqdən-Qərbə açdığı dəhlizlə irəliləyən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizlyinin etibarlı təminatçısı, enerji mənbələrini, marşrutlarını, təchizatçılarını şaxələndirən strateji müttəfiq mövqeyində qərarlaşmışdır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu strateji inkişaf kursunun və bu kursu yüksək əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin cəmi 20 il ərzində həyatımıza gətirdiyi nailiyyətlərdir. Tarixən Şərqlə Qərbin təmas məkanında yerləşən Azərbaycanın gələcəyi bu iki sivilizasiyanın siyasi, iqtisadi, mədəni vəhdətinə töhfə verən daha böyük uğurlarla zəngin olacaqdır. 



Natiq Əliyev
Azərbaycan Respublikasının
energetika naziri