Xəbərlər

Natiq Əliyev Malayziyanın “Petronas” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbərini qəbul edib

27 iyul 2016

     Energetika Nazirliyində Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Malayziyanın “Petronas” milli neft şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbəri Hanafi Talibin təqdim edildiyi görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. “Petronas“ şirkətinin mühüm layihələrdə fəal iştirakını yüksək qiymətləndirən energetika naziri Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib. Natiq Əliyev dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq, ölkədə neft-qaz layihələrinin uğurla icra edildiyini, bütün beynəlxalq öhdəliklərin yetinə yetirildiyini və əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan energetika naziri əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Malayziyanı uğurlu tərəfdaşlıq əlaqələrinə görə Azərbaycanın ən yaxşı dostlarından biri kimi səciyyələndirərək, “Petronas”ın yeni rəhbərinə gələcək fəaliyyətində lazımi köməyin göstəriləcəyini bildirib. Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rahman isə SOCAR və “Petronas” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun enerji əməkdaşlığında yeni səhifə açdığını xatırladaraq, “Şahdəniz-2” layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib. Səfir regionda Azərbaycanın iştirakı ilə enerji əməkdaşlığı formatının genişləndiyini əsas gətirərək, “Petronas”ın cəlb edilə biləcəyi istiqamətlərlə də maraqlanıb. Görüşdə həmçinin Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin reallaşması imkanları da müzakirə edilib. Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.