Xəbərlər

Energetika naziri Natiq Əliyev Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

15 sentyabr 2016

      Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Energetika Nazirliyində olub. Görüşdə 28-29 sentyabr 2016-cı il tarixində Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birlikdə Azərbaycana planlaşdırılan səfərinə son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb. Energetika nazirinin iştirakı ilə ikitərəfli, üçtərəfli görüşlərin təşkilinin vacibliyi qeyd edilib, hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və müvafiq şirkətlərin bu müzakirələrə cəlbi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Polşanın xüsusilə gəmiçilik, dəniz nəqliyyatı, əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən səfir Marek Tsalka hər iki ölkənin geniş tərkibli nümayəndə heyətinin hökumət və iş adamlarından təmsil olunmasını əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirməsi baxımından vacib hesab edib. Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin səfəri çərçivəsində həmçinin cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası ilə bağlı da müzakirələrin aparılacağı diqqətə çatdırılıb. Energetika naziri Natiq Əliyev isə bildirib ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi səfərin yüksək səviyyədə baş tutması və bu görüşlərin hər iki ölkə şirkətlərinin əməkdaşlıq imkanlarının artmasına töhfə verməsi üçün kömək göstərməyə hazırdır. “İnanıram ki, cənab Radoslav Domaqalski-Labentskinin rəhbərliyi ilə Polşanın müvafiq qurumları və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri həm də Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək mövzuları zənginləşdirəcək və yeni layihələrin irəli sürülməsinə təkan verəcək”-deyə Natiq Əliyev əlavə edib və təşkilati məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib.