Xəbərlər

Gələcəyə aparan enerji siyasəti

20 oktyabr 2016

Bu gün Azərbaycanda Energetika Günüdür. 12 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 35 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarixin ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

   Bütün digər əlamətdar cəhətləri ilə yanaşı, bu günün təqvimdəki xüsusi yeri Azərbaycan dövlətinin enerji sektorunda əldə etdiyi nəticələrin ümumiləşdirilərək təhlilə cəlb edilməsi, bu sahədə yeni imkan və perspektivlərin nəzərdən keçirilməsi baxımından da yeni bir fürsətdir.    İrəli sürülən bütün alternativ təşəbbüslərə rəğmən, dünyanın mövcud geosiyasi mənzərəsini və müasir qlobal çağırışları müəyyənləşdirən başlıca amil kimi yenə enerji çıxış edir. Təsadüfi deyil ki, bu gün fərqli məkanlarda keçirilən müxtəlif səviyyəli beynəlxalq tədbirlərin əsas müzakirə mövzusu, dünya liderlərinin narahatlıq motivi, nəhayət dövlətlərarası münasibətlərin, əməkdaşlıq formatlarının tənzimləyicisi qismində məhz bu amil çıxış edir. Genişmiqyaslı inflyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranının əhatə dairəsinin genişlənməsi, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadiyyatında neft həlledici rol oynayan ölkələrdə yaratdığı yeni vəziyyətlər də enerji amilinin təsir gücünü bir daha nümayiş etdirməkdədir. Bu amilin yaratdığı yeni geosiyasi reallıqlar enerji təhlükəsizliyi, enerji asılılığı kimi məsələlərin siyasi məzmununu daha da gücləndirməklə yanaşı, istər enerji resurslarının hasilatçısı və ixracatçısı, istərsə də idxalatçısı olan dövlətlərin öz enerji siyasətinə daha geniş aspektdə baxmasını zərurətə çevirmiş, enerji asılılığından qurtuluşu hər bir ölkənin müstəqilliyinin uzun bir dövr üçün son dərəcə vacib şərti kimi müəyyənləşdirmişdir.

   Dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycanın belə əlamətdar tarixə qədəm qoyması, beynəlxalq arenada söz sahibinə, regional gücə çevrilməsi bütün digər nailiyyətlərlə birgə, həm də məqsədyönlü enerji siyasətinin, perspektivləri bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirmiş, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilmişdir. Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış etməkdədir.

   Eyni zamanda, onu da diqqətə çatdırmalıyıq ki, Azərbaycan kimi enerji təhlükəsizliyini təmin etmiş dövlətlər belə, bu gün enerji təminatı kursunu sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşdırmağa, enerji siyasətinin əhatə dairəsini təkcə neft-qazla məhdudlaşdırmamağa çalışır. Enerji hasil və ixrac edən bir sıra dövlətlərin öz milli maraqlarından irəli gələn kritik məqamlarda enerji faktorunu digər dövlətə qarşı asanlıqla təsir rıçaqına çevirmələri, ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi, dünyanın neft bazarındakı qiymət tərəddüdləri bir çox dövlətlər qarşısında neft və təbii qaz kimi resurslardan asılılığın azaldılması, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələləri aktuallaşdırır.

   Bir sözlə, milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi olaraq görünür. Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olmuşdur. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində belə çoxşaxəli yanaşma Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəsini aradan qaldırır. Ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir.

   Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Ölkəmizin bir əsrdən artıq tarixə malik elektroenergetika sisteminin sürətli inkişaf dövrü Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) inşa olunmuşdur. 2400 Mvt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz bu stansiyanın payına düşür.

   1970-ci ildə ümumi gücü 22 Mvt olan Araz SES, 1976-cı ildə ümumi gücü 50 Mvt olan Tərtər SES (bu stansiya hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır), 1982-ci ildə isə ümumi gücü 380 Mvt olan Şəmkir SES inşa edilmişdir. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330kV-luq “Əli Bayramlı” İES-“Ağdam”-“Gəncə”-“Ağstafa”, Əli Bayramlı-Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis-Vəli və s. kimi elektrik verilişi xətləri, 330/110/20 kV-luq “Yaşma”, “Gəncə”, “Ağstafa”, 330/110/10kV-luq İmişli, 500/ 330/220kV-luq Abşeron, 220/110/10kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verilmişdir. Ulu Öndər Heydər Əliyev sonralar bu şərəfli tarixi xatırlayarkən deyirdi: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə-1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.

   Ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu bir çox sahələr kimi, elektrik energetikası sisteminə də təsirsiz ötüşməmiş, siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yaranmışdı. Elektrik enerjisi şəbəkələrinin yarıdan çoxu istismara yararsız vəziyyətə düşmüşdü. 1949-1954-cü illərdə istismara verilmiş 220kV Mingəçevir-1, Mingəçevir-2 birzəncirli elektrik verilişi xətləri Mingəçevir elektrik stansiyasından ölkədə ən yüksək elektrik enerjisi sərfiyyatı səviyyəsinə malik Abşeron iqtisadi zonasına 250 meqavat (MV) elektrik verilişi gücü təmin edirdi. Hər iki xətt ötən əsrin 80-ci illərində qismən bərpa edilmişdi. Lakin sonralar əksər seqmentlərə adekvat şəkildə texniki xidmət göstərilməmişdi və bu da enerji itkisinin artmasına, gərginliyin aşağı düşməsinə gətirib çıxarırdı. Elektrik enerjisinə artan tələbat bu xətlərin hədsiz yüklənməsinə, itkilərin yaranmasına (6%-7%) və tez-tez fasilələrə (ildə 8-17 dəfə) səbəb olurdu. Buna görə də elektrik verilişi gücünün mövcud xətlərinin dəyişdirilməsi və yeni, iki zəncirli 220kV elektrik verilişi xəttinin inşası ilə genişləndirilməsinə ehtiyac yaranmışdı.

   Milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq, Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması müstəqilliyin ilk illərindən həlli vacib məsələlər kimi qarşıda dururdu. Heydər Əliyevin bütün xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqlarda elektrik enerjisi təsərrüfatının yenidən qurulması probleminin həlli yollarının axtarılması, konkret obyektlərin inşası və bərpası ilə bağlı məsələlər əsas müzakirə mövzusu olurdu. Ulu öndər 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kreditin ayrılmasına nail olmuş və bu kredit hesabına ümumi gücü 150 Mvt olan Yenikənd SES inşa edilmişdi. Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit çərçivəsində Mingəçevir SES-in yenidən qurulması, 330kV-luq Ağcabədi, 110kV-luq Bərdə yarımstansiyalarının və 330kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası da həyata keçirilmişdi. Almaniyanın “Bayerişe Landesbank Eirosentrale” Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə “Şimal” ES-də 400 MVt-luq buxar qaz qurğusu istismara verilmişdi. Ümumiyyətlə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə 3500 MBt-a yaxın generasiya gücü işə salınmışdır.

   Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xətt nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilmiş, ölkənin elektrik enerjisi sistemi, enerji istehsal edən əksər strukturlar yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Astara, Şəki, Xaçmaz və Naxçıvanın hər birində 10 aqreqat, Bakı şəhəri və Qubanın hər birində 12 aqreqat, Səngəçalda isə 18 aqreqat olmaqla 7 elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Sumqayıtın enerji təchizatının dayanıqlığının və keyfiyyətinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi etibarlılığının daha dolğun şəkildə ödənilməsi məqsədilə 2005-ci ilin avqust ayında Sumqayıt şəhərində gücü 525 MVt olan istilik elektrik stansiyasının təməli qoyulmuşdur. “Azərbaycan” İES-in beşinci və dördüncü enerji bloklarında uğurla həyata keçirilən yenidənqurma işləri nəticəsində blokların hər birinin gücü 330 MVt-a çatdırılmışdır.

   Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, 2005-ci ilə qədər əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı düşmüşdü. Azərbaycanın Enerji Sisteminin qoyuluş gücü 5160,7 MVt olmuşdur ki, bu da ölkənin elektrik enerjisinə olan tələbatını ödəməməklə yanaşı, elektrik enerjisinin idxalı məcburiyyətini yaradırdı. Kifayət qədər elektrik enerjisi, qaz və istiliyin olmaması ölkədə regional tarazlığın pozulmasına, nəticədə bəzi ərazilərin gün ərzində yalnız bir neçə saat elektrik enerjisi alması, elektrik təchizatında tez-tez fasilələrin və sistemdə vaxtaşırı nasazlığın yaranması kimi problemlərə yol açırdı. Elektrik enerjisi sistemində baş verən nasazlıqlar səbəbindən illik satışın 7%-i itirilirdi. Aşağı keyfiyyət və qeyri-müntəzəm elektrik enerjisi təchizatı sənaye, kənd təsərrüfatı və kommersiya fəaliyyətlərinə mane olur, iqtisadi artımı, məşğulluq imkanlarını əngəlləyirdi.

   Ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektinin fasiləsiz və etibarlı enerjiyə çıxışının, enerji təhlükəsizliyinin təmin edilməsi və yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addım kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamını qeyd etmək yerinə düşərdi. Milli energetikamızda yeni eranın başlanğıcını qoymuş Dövlət Proqramı on il ərzində ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd, energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Mövcud vəziyyəti nəzərə alaraq, Dövlət Proqramında elektroenergetika sistemi üçün müəyyənləşdirilən prioritetlərdən biri kimi yeni istilik və su elektrik stansiyalarının tikilməsi, mövcud enerji bloklarının modernizasiyası, alternativ enerji mənbələrindən (kiçik SES-lər, külək, günəş, termal sular və s.) istifadə hesabına fəaliyyətdə olan generasiya güclərinin 2015-ci ildə 6500-7000 meqavata çatdırılması nəzərdə tutulurdu.

   Dövlət Proqramı ilə yanaşı, bu problemlərin aradan qaldırılması məqsədilə Asiya İnkişaf Bankının köməyi əsasında 2006-cı ildə “Enerji Ötürülməsinin Yaxşılaşdırılması” layihəsi hazırlanmış, layihə çərçivəsində elektrik enerjisi təchizatının keyfiyyətini yüksəltmək və itkiləri azaltmaq üçün elektrik şəbəkələrinin bərpası, alternativ və bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaətin artırılması istiqamətində genişmiqyaslı işlərə start verilmişdir.

   Görülən tədbirlər, Dövlət Proqramının uğurla icrası, eləcə də ölkənin sosial-iqtisadi inkişafı elektroenergetika sisteminin modernləşməsi istiqamətində hədəflərə nail olmağa əlverişli şərait yaratmış, nəticədə son illərdə ölkənin elektrik enerjisi ilə təminatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, son on ildə regionlarda ümumi gücü 2000 MVt-a yaxın 17 elektrik stansiyası tikilmişdir. 10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən artıq yarımstansiya tikilmiş, yaxud yenidən qurulmuşdur. Qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması və stansiyaların istismar rejimlərinin yaxşılaşdırılması, habelə enerji istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə nəticəsində son 10 ildə hər kilovatsaat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qr/kVt.saatdan 2012-ci ildə 314,2 qrama qədər azalmışdır.

   Elektrik enerjisinin istehsalı üçün müvafiq infrastrukturun inkişafı, o cümlədən yeni elektrik stansiyalarının inşası hazırda da əsas prioritetlərdəndir. 2015-ci ilin 6 oktyabr tarixində açılışı həyata keçirilmiş “Göyçay” su elektrik stansiyası hazırda elektrik enerjisi istehsal edir. Gücü 1,4 MVt olan “Balakən” kiçik su elektrik stansiyasında isə test rejimində elektrik enerjisi istehsal olunur. Respublika sənayesinin və əhalinin davamlı, fasiləsiz və etibarlı şəkildə elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə köhnə Elektrik Verilişi Xətləri (EVX) və ötürücü avadanlıqların yenilənməsi, yarımstansiyaların, elektrik enerjisinin paylayıcı şəbəkələrinin əsaslı təmir–bərpası işləri də mütəmadi şəkildə davam etdirilir. Bakı şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar 220kV-luq 1-ci və 2-ci “Nizami” hava xəttinin 1,69 km hissəsinin, həmçinin 110 kV-luq 4-cü “ Ramanı” hava xəttinin 1,5 km hissəsinin kabel xəttinə keçirilməsi işləri başa çatdırılmışdır. 220kV-luq “ Müşfiq” YS-da 220-110kV-luq elektrik avadanlıqlarının dəyişdirilməsi ilə YS-nın yenidən qurulması işləri aparılmaqdadır. “Azərenerji” ASC 2016-cı ildə “Şimal” ES ikinci qaz-buxar enerji blokunun istismara verilməsini planlaşdırır. Qurğunun tikintisi artıq başa çatıb və onun gücü 409 MVt təşkil edəcək.

   Elektrik enerjisi ilə təchizatın etibarlılığının və keyfiyyətinin artırılması, o cümlədən iqtisadi səmərəliliyinin əldə olunması məqsədilə 2015-ci ilin 10 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Sərəncamı da xüsusi qeyd etmək istərdik. Ölkə ərazisində istehlakçılara elektrik enerjisinin satışı, enerjinin təhlükəsiz və səmərəli şəkildə çatdırılması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər bu sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Ötən dövr ərzində sərəncamdan irəli gələn məsələlərin vaxtında yerinə yetirilməsi təmin olunmuş, Energetika Nazirliyi tərəfindən “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətindən alınan təbii qaza görə ödənişlərin tam aparılması, energetikanın inkişafına investisiya qoyuluşu, paylayıcı elektrik şəbəkələrində əsaslı yenidənqurma işlərinin aparılması və maliyyələşdirmə məsələləri araşdırılaraq təhlil edilmiş, müvafiq sahənin sağlamlaşdırılması üçün bir sıra təkliflər irəli sürülmüş və ölkənin elektrik enerjisi şəbəkəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə struktur islahatları aparılmışdır.

   Beləliklə, energetika sektorunda uğurla həyata keçirilən tədbirlər nəticəsində ölkənin elektroenergetika sisteminin generasiya gücü 2015-ci ildə 7149 MVt-a çatdırılmış, 24,7 mlrd.kVts elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 93,4 faizi İES-in, 6,6 faizi SES-in payına düşür. Elektrik enerjisinin ixracı isə 265 mln. kv saat təşkil etmişdir.

   Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər, aparılmış islahatlar elektrik enerjisinə tələbatını tam ödəməklə, Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirmişdir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənmişdir. 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub enerji dəhlizləri vasitəsilə ilkin təbii enerji (neft, qaz) ixracı ilə yanaşı, yüksək texnoloji enerji növü olaraq elektrik enerjisini də Avropa, Rusiya və İran istiqamətlərində ötürməsi respublika üçün sərfəli olmuşdur. Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə elektrik əlaqələri gücləndirilmiş və “Azərenerji” ASC tərəfindən İran İslam Respublikası ilə yeni 330kV-luq II “Parsabad” elektrik veriliş xətti (EVX), şimalda 330kV-luq yeni “Xaçmaz” yarımstansiyası quraşdırılmışdır. Cənubda istifadə olunan 220, 330kV-luq yarımstansiyaların yenidən qurulması və Qərb istiqamətində 500kV-luq “Muxranis-Vəli” EVX-nin və yeni 500, 330kV-luq yarımstansiyaların quraşdırılması həyata keçirilmişdir.

   Bununla yanaşı, Araz çayı üzərində inşa edilməkdə olan “Xudafərin” (gücü 100+100 MVt) və “Qız Qalası” (gücü 40+40 MVt) SES-lərinin hər iki ölkə üçün ildə 820 mln.kVts. (2 x 410 mln. kVts.) elektrik enerjisi istehsal etməsi proqnozlaşdırılır. Bu stansiyaların tikintisi 2008-ci ildən başlayaraq müxtəlif yüksək səviyyəli müzakirələrin predmeti olsa da, məsələnin reallaşmasına doğru həlledici addım bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrana səfəri zamanı atılmışdır. Səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində hər birinin gücü 40 MVt olan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulmuşdur ki, bu layihə tərəflərin hər birində əlavə 100 milyon kVt saat elektrik enerjisinin istehsalına şərait yaradacaqdır.

   Elektroenergetika sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər bir-birinin enerji sisteminə verilməsi planlaşdırılan elektrik enerjisinin həcmini, qiymətini və müddətini müəyyənləşdirmiş, 330kV-luq “Muğan” (“İmişli-Parsabad”) dövlətlərarası elektrik verilişi xəttinin istismara verilməsi üçün bütün lazımi tədbirlərin yerinə yetirilməsindən ötrü müvafiq işlərin yerinə yetirilməsi razılaşdırılmışdır.

   Göründüyü kimi, Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruru texniki və siyasi vəziyyət qənaətbəxşdir və bu dəhlizin üstünlükləri Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu möhkəmləndirmək, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını təmin etməkdən ibarətdir.

   Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü”nün yaradılması istiqamətində görülən işlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

   “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində Azərbaycan tərəfindən 500kV-luq Samux-Qardabani elektrik xətti, Gürcüstan tərəfindən 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400kV-luq yüksək gərginlikli elektrik xətti çəkilərək istismara verilmişdir. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə 700 Mvt-a qədər elektrik enerjisinin ixracını təmin edəcəkdir. Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Azərbaycan neft və qazla yaratdığı enerji dəhlizlərinin imkanlarını elektrik enerjisi vasitəsilə daha da möhkəmləndirməyi enerji siyasətinin mühüm xəttlərindən biri kimi müəyyənləşdirmişdir və ölkəmiz bu yolda uğurla irəliləyir.

   Enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılmış və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. Yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac vardır. Məsələn, əgər müqayisə aparsaq, görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiya Federasiyasında 1,35 kVt, Qazaxıstanda-1,25 kVt, Avropa İttifaqında-1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır.

   Digər tərəfdən ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələ ki 100% deyildir. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət “İnkişaf və yenidənqurma proqramı” hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir. Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam həllini tapacaqdır. Dövlət başçısının regionlarda hər bir elektrik stansiyasının açılışında iştirak etməsi və ölkə iqtisadiyyatının inkişafının əsas şərtlərindən biri kimi generasiya güclərinə malik olma amilini xüsusi vurğulaması regionların elektrik enerjisi ilə fasiləsiz təchizatının nə qədər mühüm prioritetlərdən olduğunu göstərir. Prezident İlham Əliyev Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının açılışında demişdir: “Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır”.

   Bir neçə il əvvəl regionların lazımı generasiya güclərinə malik olmaması və respublikada elektrik enerjisi istehlakının böyük hissəsinin sənaye mərkəzi Bakının və bütövlükdə Abşeron yarımadasının payına düşməsi itkilərin yüksək olması ilə nəticələnirdi. Belə ki, sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik stansiyalarının yerləşdiyi Qərb və Cənub bölgələrindən yüksək gərginlikli 220,330,500kV-luq elektrik verilişi xətləri ilə ötürülürdü ki, bu da təchizatın etibarlığının azalması, itkilərin isə çoxalmasına yol açırdı. Son illər sektorda həyata keçirilən tədbirlər nəticəsində bu problemlər qismən həllini tapsa da, enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb. Beləki, Azərbaycanda enerji itkilərinin əsas səbəblərindən biri böyük elektrik stansiyalarının enerjinin daha çox istehlak olunduğu paytaxt və ətrafından xeyli uzaqda yerləşməsidirsə, digər səbəb elektrik və təbii qazın ötürülməsi prosesində istifadə olunan xətlərin köhnəliyi ilə bağlıdır. Respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin çoxu, yarımstansiyaların böyük əksəriyyəti sovet dövründən qalır və bu da enerji itksinə səbəb olur. Son illərdə bu itkilərin azlması istiqamətində Bakı ətrafında və Sumqayıtda yeni elektrik stansiyaların tikilmiş, elektrik enerjisi istehsalında xammal kimi neft məhsullarından təbii qaza keçilmiş, elektrik verilişi xətləri və qaz ötürücü boruları yeniləri ilə əvəz olunmuşdur. Görülən çoxsaylı tədbirlər sayəsində itkilər əvvəlki illərlə müqayisədə xeyli azalsa da, problem hələ qalmaqdadır.

   Beynəlxalq təcrübə göstərir ki, enerji itkilərinin azalması, enerji satışı üzrə yığım səviyyəsinin artırılması və etibarlığın yüksəldilməsinin ən optimal üsulu özəl sektorun bu sahədə iştirakına şərait yaratmaqdır. Çünki özəl sektorun iştirakı, bu sahəyə vaxtlı-vaxtında investisiya yatırımı ilə yanaşı, daha səmərəli texnologiya və biznes proseslərindən istifadəni, işçi heyətinin motivasiyasını, son nəticədə isə səmərəliliyi, qənaətcilliyi və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir.

   Son illər enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı da xüsusi aktuallıq kəsb etməkdədir. “Avropa İttifaqı-2020” strategiyasından da görünür ki, Avropa İttifaqı ölkələri 2020-ci ilə qədər enerjiyə 20% qənaət etmək, daha az CO2 emissiyası və 20% alternativ və bərpa olunan enerji resurslarından istifadəyə nail olmaq məqsədini qarşıya qoymuşlar. Enerjiyə tələbatın azaldılmasında ondan səmərəli istifadə mühüm rol oynayır. Eyni zamanda, artan təmiz enerji ehtiyatları neft və qaz kimi ənənəvi enerji resurslarından geniş istifadəni də məhdudlaşdırır. Enerji resurslarından səmərəli istifadənin təminatı üçün, ilk növbədə, enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət standartları və normaları sisteminin hazırlanması vacibdir.

   Bununla yanaşı, enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin mütəmadi təkmilləşdirilməsi və enerji resurslarından səmərəli istifadəyə görə onların normativlərdən artıq sərfindən asılı olaraq, qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi də böyük əhəmiyyət kəsb edir.

   Bu tədbirlər nəticəsində, 2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9%-in elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaqdır.

   Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlar, gələcəyə ümidlərdir. Onların fədakar əməyi layiqli qiymətini almış, bu illər ərzində energetiklərin fəaliyyəti mütəmadi olaraq dövlət başçısı tərəfindən qiymətləndirilmiş, əlamətdar tarixlərdə onlar yüksək dövlət təltifləri ilə mükafatlandırılmışlar.

   Biz də 20 oktyabr “Energetiklər Günü” münasibətilə bu sahədə çalışan bütün həmkarlarımızı təbrik edir, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayır, xalqımızı, Prezidentimizi əmin edirik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcək və Azərbaycanın tarixdəki ən qüdrətli mərhələsinin yaradılması prosesində yaxından iştirakları ilə hər zaman qürur duyacaqlar.


Natiq Əliyev
Azərbaycan Respublikasının energetika
naziri