Xəbərlər

20 oktyabr Energetiklərin Peşə Bayramı Günüdür

20 oktyabr 2016

      Azərbaycan energetikləri 20 oktyabr “Energetiklər Günü”nü qeyd ediblər. Bu münasibətlə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC, və “Azərişıq”ASC-nin rəhbər şəxsləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub. 12 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır.Düz 35 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarixin ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilmişdir.