Xəbərlər

Azərbaycan Respublikasının energetika naziri OPEC-in noyabrın 28-də Vyanada keçiriləcək iclasında iştirak edəcək

25 noyabr 2016

      Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin noyabrın 28-də keçiriləcək ikinci iclasında Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. İclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirə olunacaq. Xatırladaq ki, 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5-33 milyon barrel səviyyəsində dondurulması barədə ilkin razılıq əldə edilmiş, oktyabrın 29-da isə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin birinci iclası keçirilmişdir. Yekun qərarın noyabrın 30-da OPEC-in Nazirlər Şurasının iclasında qəbul edilməsi üçün Əlcəzair sazişində qeyd olunan rəqəmin üzv dövlətlər arasında bölüşdürülməsi, “Yol xəritəsi”nin müəyyənləşdirilməsi barədə razılıq əldə olunması məqsədilə Yüksək Səviyyəli Komitənin 2-ci iclasının keçirilməsinə qərar verilmişdir. Azərbaycan da növbəti toplantıya yüksək səviyyədə qatılaraq, dünya enerji bazrında neftin qiymətinin sabitləşdirilməsi prosesinin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək.