Xəbərlər

Almaniya İqtisadiyyat və Sənaye Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ekard Frans Energetika Nazirliyində olub

25 noyabr 2016

      Energetika Nazirliyində Almaniya İqtisadiyyat və Sənaye Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ekard Fransın rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika nazirinin müavini Natiq Abbasov arasında görüş keçirilib. Görüşdə enerji təhlükəsizliyinin təminatı istiqamətində “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin cari vəziyyəti, “Transxəzər” qaz kəməri layihəsinin reallaşma perspektivləri, eləcə də alternativ enerji və enerjiyə qənaət sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsi potensialı ətrafında müzakirələr aparılıb. Azərbaycan-Almaniya əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini deyən energetika nazirinin müavini Natiq Abbasov bu əməkdaşlığın enerji sahəsində qanunvercilik, enerji təhlükəsizliyi və etibarlılığa dair təcrübənin öyrənilməsi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının müasirləşdirilməsi, enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji növlərinin inkişafı kimi istiqamətləri əhatə etdiyini qeyd edib. Bildirilib ki, Xəzər qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində Almaniyanın “E.ON Global Commodities SE” şirkəti 2014-cü ilədək 9 faiz paya malik olmuşdur. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin Almaniyanın “RWE” şirkəti ilə “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı və işlənilməsi, enerji və buxar istehsalı üzrə isə UNİPER şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən bəhs edilib. Almaniya İqtisadiyyat və Sənaye Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ekard Frans “Cənub Qaz Dəhlizi”nin Avropa üçün mühüm önəm daşıdığını qeyd edərək, layihənin ayrı-ayrı seqmentləri üzrə görülən işlər və layihənin şaxələndirilməsi perspektivləri ilə maraqlanıb. Natiq Abbasov layihənin icra vəziyyəti barədə qonaqları məlumatlandıraraq deyib ki, Azərbaycan vaxtında məsuliyyəti tam öz üzərinə götürməklə və layihənin siyasiləşdirilməsinə yol vermədən “Çənub Qaz Dəhlizi”nin reallaşmasını təmin edib. Layihənin vaxtında başa çatdırılması ilə bağlı hazırda heç bir çətinlik müşahidə olunmur. Görüşdə həmçinin E.Fransın Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi ilə bağlı gördüyü tədbirlər və prioritetləri ilə bağlı sualları da cavablandırılıb. Enerji səmərəliliyinin enerji sektorunun həlli vacib məsələlərindən olduğu vurğulanaraq, bu sahədə Almaniya təcrübəsindən bəhrələnməyin zəruriliyi bir daha qeyd edilib.