Xəbərlər

Energetika Nazirliyində Çex Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

18 yanvar 2017

      Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı və bu əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Sənaye və ticarət naziri Yan Mladek ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının diversifikasiyasında strateji tərəfdaş olduğunu deyib. Çexiyanın neftə olan tələbatının mühüm bir hissəsinin Azərbaycan hesabına təmin edildiyini qeyd edən Yan Mladek enerji sahəsində gələcək əməkdaşlığı təmin edəcək istiqamətlər barədə danışıb. Bildirilib ki, Çexiya Azərbaycanda xam neft, təbii qaz, elektrik enerjisi, neft-kimya sənayesində yeni obyektlərin tikintisi və yenidənqurulmasında, “Kralupi” neftayırma zavodunun xam neftlə təchizatında, alternativ və bərpa olunan enerji mənbələri və texnologiyaları, eləcə də tullantıların utilizasiyası sahəsində əməkdaşlıqda maraqlıdır. Y.Mladek Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirdiklərini və gələcəkdə Azərbaycanın qaz boru kəmərləri ilə qaz təchizatı imkanlarını dəyərləndiklərini də diqqətə çatdırıb. Energetika nazirinin müavini Gülməmməd Cavadov isə Azərbaycanın ikitərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayaraq deyib ki, sadalanan istiqamətlər üzrə nəticə əldə edilməsi üçün iki ölkənin müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması vacibdir. Bildirilib ki, sənədin imzalanması üçün zəruri prosedurlar artıq yekunlaşmaq üzrədir.