Xəbərlər

Energetika Nazirliyində “Statoil” rəhbəri ilə görüş olub

12 iyun 2015

      Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev “Birinci Avropa oyunları”nın açılış mərasimində iştirakı çərçivəsində Bakıda səfərdə olan Norveçin neft və qaz şirkəti “Statoil ASA”-nın yeni prezidenti və baş icraçı direktoru Eldar Saetreni qəbul edib. Görüşdə uzun tarixə malik “Azərbaycan-Norveç” münasibətlərinin yüksək səviyyədə inkişafından və birgə görülən işlərdən bəhs edilib. Energetika naziri Natiq Əliyev “Statoil” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku, “Şahdəniz”, Abşeron qaz yataqları, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaş kimi fəaliyyətini xatırladıb. Bildirib ki, dünyaya xam neftin,  Avropaya isə qazın əsas ixracatçılarından biri olaraq “Statoil”un təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir. Eldar Saetrei isə beynəlxalq qaz bazarlarındakı mövcud vəziyyətdən danışaraq qeyd edib ki, hazırda Avropa üçün enerji təhlükəsizliyinin təminatı və qaz asılılığının azaldılması prioritet məsələdir. Natiq Əliyev “Cənub Qaz dəhlizi” vasitəsilə Avropanın qaz təchizatının yaxşılaşdırılacağını diqqətə çatdırıb. Bildirib ki, bu dəhlizlə əlavə olaraq İran, İraq və İsrail qazının belə nəqli planlaşdırılır.