Xəbərlər

Buxarestdə AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib

25 iyun 2015

     Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRI) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclası başa çatıb. İclasda AGRİ layihəsinin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə edilib. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfələr və həyata keçirilən enerji layihələrindən danışaraq, AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətini yüksək qiymətləndirib. Natiq Əliyev SOCAR-ın Rumıniyadakı fəaliyyətindən də bəhs edib. SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirib. İclasın sonunda AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib. Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.