Xəbərlər

Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

07 iyul 2015

     Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Energetika Nazirliyində olub. Görüşdə Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanda neft sənayesinin tarixindən danışıb. 1847-ci ildən mexaniki üsulla neft hasilatına başlanması , 1901-ci ildə dünyada hasil olunan neftin 50 faizinin Azərbaycanın payına düşməsi, ikinci dünya müharibəsi zamanı 20 milyon ton neft hasil edən Bakının faşizmə qarşı mübarizədəki rolu barədə maraqlı faktları xatırladıb. Nazir müavini bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizdə neft hasilatının yüksək artımına təkan verib. Hazırda ölkədə bu rəqəm ildə təxminən 40 milyon ton civarındadır. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkə kimi indi Azərbaycanın əsas hədəfi enerji resurslarını Avropaya çıxarmaqdan ibarətdir. G.Cavadov “Şahdəniz” yatağının ehtiyatının TANAP və TAP vasitəsilə qazın geniş həcmdə ixracına imkan verəcəyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycan iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində həyata keçirilən işlərdən və alternativ enerji sahəsində qəbul edilən proqramlar və reallaşdırılan layihələrdən də bəhs edib. Bildirib ki, bu istiqamətdə Fransanın təcrübəsindən bəhrələnməyə ehtiyac var. Nümayəndə heyətinin rəhbəri Matias Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini deyib. Xatırladıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 85 faizi məhz enerji sektorunun payına düşür. “Abşeron” yatağında “Total”ın fəaliyyətinə toxunan Matias Fekl qaz layihələrinə Fransanın maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Görüşdə iştirak edən ENGİE, Eiffage şirkətlərinin təmsilçiləri də alternativ enerji istehsalı istiqamətində əməkdaşlıq təkliflərini irəli sürüblər.