Xəbərlər

Azərbaycanda enerji auditinin aparılması məsələləri müzakirə edilib

22 noyabr 2018

Energetika Nazirliyində Avropa Komissiyasının TAİEX Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində “Enerji auditi və enerji idarəetmə sistemləri” mövzusunda Avropa İttifaqının Ekspert Missiyası və bir sıra dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb.  Bildirilib ki, Ekspert Missiyasının bu görüşü Azərbaycanda enerji auditlərinin aparılması mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ikinci dərəcəli qanunvericiliyin işlənməsi sahəsində dövlət qurumlarının potensialının artırılmasına töhfə verəcək.

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov enerji səmərəliliyinə nail olunmasında enerji auditinin vacibliyindən bəhs edib. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”  qanun layihəsində  enerji auditinin keçirilməsi, enerji auditorlarının akkreditasiyası, sertifikatlaşdırma, enerji xidmətlərinin keçirilməsi qaydaları və enerji idarəçisinə dair tələblərin əks olunduğunu diqqətə çatdırıb.

Xorvatiyanın Enerji Səmərəliliyi və Ətraf Mühitin Mühafizəsi Fondunun nümayəndəsi Suada Mustaybeqoviç  isə  bildirib ki, Avropa İttifaqı 2020-ci ilə qədər parnik effekti yaradan qazların havaya atılmasını 20 faiz azaltmağı, enerji səmərəliliyi və bərpa olunan enerjinin payını isə 20 faiz artırmağı qarşıya məqsəd qoyub. Xorvatiya artıq bu hədəflərə nail olub. 2010-cu ildən etibarən ölkəsində enerji auditinin aparıldığını deyən xorvatiyalı ekspert enerji səmərəliliyi  üzrə Milli Fəaliyyət Planı və enerji auditlərinin həyata keçirilməsi üçün milli təşviqlər barədə məlumat verib.

Polşanın Araşdırma və İnkişaf üzrə Milli Mərkəzinin nümayəndəsi Cerard Lipinskinin isə tikinti və enerji sektorunda enerji səmərəliliyi üzrə əsas Aİ tənzimləmələri və tələbləri, enerji auditi sahəsində qanunvericilik aktları  ilə bağlı təqdimatı dinlənilib.

Tədbir enerji səmərəliliyinə dəstək, enerji auditində bərpa olunan enerji mənbələri,  Enerji Səmərəliliyi Fondunun maliyyələşdirmə mənbələri və idarə edilməsi, enerji səmərəliliyi məqsədilə isitmə-soyutma sistemləri, istilik və elektrik enerjisinin kogenerasiyası, enerji auditi və enerji idarəetməsində müstəqil nəzarət qurumları və alətlər kimi məsələlər ətrafında müzakirələrlə davam edib.