Xəbərlər

Energetika Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzi vasitəsilə 189 hüquqi şəxsə icazə verilib

30 oktyabr 2018

2018-ci ilin III rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 58 hüquqi şəxsə icazə verilib. Bu icazələrin 43-ü ixrac nəzarətinə düşən malların idxalı, 5-i ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı icazələr olub. Bütün icazələr 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2018-ci ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən 235 hüquqi şəxsə icazə verilib və bu icazələrin 189-u “ASAN Xidmət” mərkəzi vasitəsilə icra edilib.

Qaydalara uyğun olaraq, icazələrin verilməsi üçün təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin düzgünlüyü yoxlanılıb, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan sonra həmin malların ixracı, idxalı və tranzitinə icazə verilib. Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.

Qeyd edək ki, sahibkarların vaxt itkisinin azaldılması, icazələrin verilməsində şəffaflığın və operativliyin artırılması məqsədilə Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin alınması üçün sənədlərin qəbulu və onların verilməsi cari ilin fevral ayından “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura 3 növ icazənin: ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində göstərilmiş Energetika Nazirliyi tərəfindən verilən icazələr barədə məlumatlar Dövlət Xidmətləri Portalına daxil edilib və nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” və “Dövlət xidmətləri” hissəsində yerləşdirilib.