Xəbərlər

Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

24 oktyabr 2018

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib. Energetika naziri energetika sektoruna Asiya İnkişaf Bankının dəstəyini yüksək qiymətləndirib. Bu əməkdaşlığın nümunələri kimi elektrik paylayıcı şəbəkəsinin yenidənqurulması, elektroenergetika sektorunun maliyyə bərpa planı, bu sahəyə özəl sektorun cəlb olunması çərçivəsində həyata keçrilən layihələri qeyd edib. Nazir hazırda ölkənin elektroenergetika sektorunda aparılan islahatlar, enerji sisteminin modernləşməsi, yeni qanunvericilik bazasının yaradılması, bərpa olunan enerjidən istifadə istiqamətində  görülən tədbirlər barədə ətraflı məlumat verib və bu məsələlərdə beynəlxalq maliyyə qurumlarının, eləcə də Asiya İnkişaf Bankının dəstəyinin vacibliyini bildirib.

Vençay Janq isə deyib ki, Asiya İnkişaf Bankı Azərbaycanla bir çox sahələrdə olduğu kimi enerji sektorunda da əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, xüsusilə yüksək texnologiyaların inkişafı və tətbiqini təşviq edən layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi isə diqqət yetirilən məsələlərdəndir.

Görüşdə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə görüləcək işlərdən də bəhs edilib.     Bildirilib ki, Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması məqsədilə seçilmiş beynəlxalq məsləhətçi şirkətlərin və layihənin əhatə etdiyi ölkələrin (Əfqanıstan və Qırğızıstan) maraqlı tərəflərinin iştirakı ilə yaxın vaxtlarda beynəlxalq seminarın keçirilməsi planlaşdırılır.

Bundan başqa Şəbəkə Məcəlləsinin hazırlanmasına dair məsləhət xidmətlərinin göstərilməsi, enerji səmərəliliyi üzrə ikinci dərəcəli qanunvericilik aktlarının işlənməsi, nomativ texniki bazanın formalaşdırılması, eləcə də sənayedə və binalarda enerji səmərəliliyinə nail olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.