Xəbərlər

Azərbaycan G20-in növbəti toplantısında təmsil olunub

13 iyul 2015

     Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində Bodrumda təşkilatın 3-cü şerpa iclası keçirilib. Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin İqtisadiyyat, elm və innovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da iştirak edib. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclas çərçivəsində bir sıra mövzularla yanaşı, enerji məsələlərinin də müzakirəsində iştirak edib. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında keçirilməsi planlaşdırılan G20 enerji nazirlərinin ilk görüşünün gündəliyi və qəbul ediləcək müvafiq Kommunikedə əks olunacaq enerji məsələləri də əsas müzakirə mövzularından olub. Bundan başqa, enerjiyə əlçatanlıq göstərici zəif olan Sub-Saxara Afrikasının enerji təminatının həlli yollarını əks etdirən Fəaliyyət planının müzakirəsinə həsr edilmiş konfransın keçirilməsi də nəzərdə tutulur. Nazirlərin toplantısında enerjiyə əlçatımlıq əsas diqqət yetirilən məsələlərdən olacaq. Enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Türkiyə G20 qrupuna ötən ilin 1 dekabrından sədrlik edir. Bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90%-i, dünya ticarətinin 80%-i və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.