Xəbərlər

Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 oktyabr 2018

20 oktyabr “Energetiklər Günü” münasibətlə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC, və “Azərişıq” ASC-nin rəhbər şəxsləri və əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Tədbir Şəhidlər Xiyabanını ziyarətlə davam etdirilib. Şəhidlər Xiyabanına gələn energetiklər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

14 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. 37 il əvvəl, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.