Xəbərlər

Energetika Nazirliyi və BP Niyyət Məktubu imzalayıb

19 oktyabr 2018

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb. Niyyət Məktubu Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.

Sənədə əsasən Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin's Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq.

Energetika nazirinin müavini Samir Vəliyev: “Bu sənəd BP ilə uzunmüddətli enerji əməkdaşlığımızın növbəti bir uğurudur. Ümid edirik ki, bu əməkdaşlıq neft-qaz sektorunda uğurlu təcrübənin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinə imkan yaradacaq və ölkəninin enerji balansında bərpa olan enerji mənbələrinin payının artırılması hədəfinə çatmağa kömək edəcəkdir.”

BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bu layihə bizim sosial sərmayələr üzrə gördüyümüz işlər çərçivəsində ölkənin potensialının inkişaf etdirilməsi təşəbbüslərinə dəstək olmaq barədə götürdüyümüz öhdəliyə uyğundur. Biz bu layihədə Energetika Nazirliyinə dəstək olmaqdan məmnunluq duyuruq və ümid edirik ki, bu əməkdaşlıq böyüyərək gələcəkdə daha güclü və geniş tərəfdaşlığa çevriləcək.”

“SNC-Lavalin's Atkins” şirkəti fəaliyyətdə olan bir sıra kiçik su elektrik stansiyalarının işini yoxlayacaq və həmin stansiyaların iş səmərəliliyinin necə təkmilləşdirilə biləcəyinə dair tövsiyələrini verəcək. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə Atkins şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.

 

Redaktorlar üçün qeydlər

Energetika Nazirliyi haqqında:

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini, enerji resurslarından səmərəli istifadə ilə bağlı tədbirlərin görülməsini, bu sahədə dövlət maraqlarının qorunmasını, proqnozlaşdırma aparılmasını,enerji balansının hazırlanmasını, həmçinin nəzarət tədbirlərini və.s həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Energetika Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə yaradılıb.

BP haqqında:

BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxt ərzində ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrinə 80 milyon dollardan artıq sərmayə qoyub.

Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı olan BP yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı, bacarıqların yaradılması və effektiv idarəçilik kimi təşəbbüslərə sərmayələr qoymaqla ölkəyə dəstək olmaq öhdəliyinə sadiq qalır. BP bütün bunları ölkənin güclü gələcək qurmaq naminə potensialın yaradılması istiqamətində göstərdiyi səylərə qoyulan sərmayə kimi görür.