Xəbərlər

Energetika Nazirliyi Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Milli Əlaqələndirici qismində çıxış edəcək

26 sentyabr 2018

    Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanı Milli Əlaqələndirici qismində Energetika Nazirliyi təmsil edəcək. Cari ilin 24 sentyabr tarixində Avropa Komissiyası Energetika Nazirliyini Milli Əlaqələndirici qurum kimi qeydiyyata alıb və “Merlər Razılaşmasının Milli Əlaqələndiricinin Bəyannaməsi” ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin icrasına icazə verib.

    Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb.

    Merlər Razılaşmasının əsas hədəfləri enerji səmərəliliyi tədbirlərini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə uyğunlaşmada dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, eləcə də təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdən ibarətdir.

    Bu təşəbbüs 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarının miqdarının 35% azaldılması ilə bağlı öhdəliyin icrasına, regionlarda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsinə töhfə verə bilər.

    Energetika Nazirliyi milli əlaqələndirici qurum olaraq Avropa İttifaqı ilə bələdiyyələr arasında proqramın əlaqələndirilməsini ,Merlər Razılaşmasına qoşulmaq niyyətində olan bələdiyyələrə  lazımi dəstəyi təmin edəcək. Davamlı Enerji Fəaliyyət Planlarının hazırlanmasına və həyata keçirilməsinə kömək edəcəkdir.

    Hazırda Azərbaycandan Merlər Razılaşmasına Mingəçevir bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi qoşulub. Razılaşma ilə bağlı maraqlanan və qoşulmaq niyyəti olan digər bələdiyyələr Energetika Nazirliyinə müraciət edə bilərlər.