Xəbərlər

Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

23 sentyabr 2018

    Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo  və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

   OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEC+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEC Katibliyi ilə Energetika Nazirliyi arasında  sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Görüşdə həmçinin OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin  2019-cu ildə Bakıda  keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir müadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEC-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib.

    Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə baş tutan görüşdə isə OPEC+ əməkdaşlığının nəticələri, neftin qiyməti və  neft bazarının  inkişafına dair gözləntilər nəzərdən keçirilib. Bildirilib ki, neftə qlobal tələbatın artması, eləcə də  neftin qiymətinin  75-80 dollar civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.

    OPEC+ Nazirlərinin  neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunda qəbul etdikləri qərar bazarda artan tələbat və azalan təchizat prosesinin nizmalanması baxımından mühüm addım kimi qiymətləndirilib. Söhbət zamanı ötən dövr ərrzində öhdəliklərin icrasında əhəmiyyətli dəyişikliyin baş verdiyi, ilin sonuna kimi hasilatın artırılmasının nəzərdə tutulmadığı qeyd edilib.  O da vurğulanıb ki, neft tədarükündə mövcud kəsirin könüllülük prinsipi əsasında ölkələrin hasilat imkanalarına uyğun aradan qaldırılması daha məqbul görünür. Bazarda hər hansı böhran situasiyası yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər. Bildirilib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi vacibdir. Bu məqsədlə OPEC+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.