Xəbərlər

Azərbaycan Respublikasının Energetika Nazirliyində Türkiyə nümayəndə heyəti ilə müzakirələr aparılıb

07 sentyabr 2015

      Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müşaviri İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Energetika Nazirliyində olub. Görüşdə 2016-cı ildə Bakıda Türkdilli ölkələrin qurultayının və bu tədbir çərçivəsində enerji simpoziumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, indiyə qədər keçirilən qurultaylar Türk dünyası dövlətlərinin inteqrasiyasına töhfə verməklə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına da müsbət təsir göstərir. Odur ki, gələn ilin oktyabr ayında keçirilməsi planlaşdırılan qurultay ərəfəsində enerji mövzusunda ortaq dilə, mədəniyyətə malik ölkələrin elm, iş adamları, mütəxəssislərinin də bir araya gələrək , birgə müzakirələr aparmasına ehtiyac var. Enerjiyə tələbatın bütün dövrlərdə aktuallığı, Xəzər regionunun enerji resursları ilə zənginliyi Bakının belə bir dialoqun mərkəzi olmasını zəruri edir. Bu baxımdan, İlyas Dəmirçi Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin enerji simpoziumunun vaxtının dəqiqləşdirilməsini və hazırlıq işlərinə Azərbaycanın dəstəyini vacib hesab etdiyini diqqətə çatdırıb. Strateji layihələrə Azərbaycanın Türkiyə ilə birgə imza atdığını vurğulayan energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP layihəsi, STAR Neft emalı zavodu, PETLİM liman proyekti və PETKİM şirkətinə qoyulan investisiyalar bu böyük strateji işbirliklərinin təməlini təşkil edir. Bir çox sahələrdə olduğu kimi enerji sektorunda da Azərbaycanın digər türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələri mövcuddur və bu münasibətlər bu tədbirin daha çox dövlətlərin iştirakı ilə baş tutmasına münbit şərait yaradır. Simpoziumun tarixinin müəyyənləşdirilməsi, proqramının Azərbaycan Respublikasının Energetika Nazirliyi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə birgə hazırlanması razılaşdırılıb.