Xəbərlər

Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib

18 sentyabr 2018

    Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində yaradılmış “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ilk iclası keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini və ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji sahələri üzrə mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Bildirilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əldə olunmuş razılaşmalar, eləcə də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin statusuna dair Konvensiyanın imzalanması enerji sektorunda əməkdaşlığın yeni mərhələdə inkişafını təmin edir. İşçi Qrupları səviyyəsində aparılan bugünkü müzakirələrin isə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərə və hər iki ölkənin iqisadiyyatlarına töhfə verəcəyi qeyd edilib.

    Qazaxıstanın energetika nazirinin müavini Bolat Akçulakov isə xam neft və neft məhsullarının Azərbaycan ərazisi vasitəsilə Xəzərdən Qara dəniz terminallarına daşınmasının, eləcə də neftin dünya bazarlarına ixracında Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyətindən danışıb. Qazaxıstanın “Tengiz” və “Kaşaqan” yataqlarının işlənməsi  nəticəsində hasilatın artması ilə əlaqədar yaranan yeni ixrac imkanlarının  Azərbaycanla birgə nəzərdən keçirilməsini vacib hesab edib.

    Sonra Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti, neft məhsullarının artıq həcmlərinin 2019-cu ildən daşınması və tranziti, eləcə də bu ölkənin sıxılmış və mayeləşdirilmiş qazının Azərbaycan vasitəsi ilə üçüncü ölkəyə nəqli imkanları müzakirə edilib. LNG layihələrinin reallaşdırılması üçün infrastrukturun yaradılması məsələsinə baxılması  təklif edilib.  Eyni zamanda Qazaxıstan tərəfinə neft, neft məhsulları və qazın Azərbaycan dəmir yolu vasitəsilə nəqlinin artırılması  məsələsinin  araşdırılması tövsiyə edilib.

     İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti görüşün Astanada keçirilməsi qərara alınıb.