Xəbərlər

Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

18 iyul 2018

     “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin   tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq Energetika Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirəcək.  Nazirlər Kabineti “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi”  adlı pilot layihənin icrasına icazə verib. Asiya İnkişaf Bankı tərəfindən məsləhətçi şirkətin seçilməsi üçün tender prosesi yekunlaşdıqdan sonra layihə üzrə işlərə başlanması planlaşdırılır.

     Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

      Qeyd edək ki, Energetika Nazirliyi  alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə mövcud potensialın qiymətləndirilməsi, bu istiqamətdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi və  beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı kompleks tədbirlər görür.