Xəbərlər

2018-ci ilin iyun ayı üzrə Texniki Şuralara 114 müraciət daxil olub

12 iyul 2018

    2018-ci ilin iyun ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara  sahibkarlar tərəfindən 114 müraciət daxil olub.

   Bu müraciətlərdən 105-i təmin olunub, 9-u isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1436,02 kVt güc sifariş olunub və 355527,51 AZN qoşulma haqqı ödənilib. Bütün bu müraciətlər 1 və 2 saylı  “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

     Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib və bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.

     Xatırladaq ki, 2018-ci ilin may ayından başlayaraq sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.