Xəbərlər

Çexiya Azərbaycanla energetika əməkdaşlığını genişləndirmək niyyətindədir

17 sentyabr 2015

     Çexiya prezidenti Miloş Zemanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Elektrik enerjisinin ötürülməsi” şirkətinin Müşahidə Şurasının üzvü Jiri Maceska Azərbaycan Respublikasının Energetika Nazirliyində olub. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə keçirilən görüşdə bildirilib ki, iki ölkə arasında yüksək səviyyədə reallaşan görüşlər və qarşılıqlı səfərlər əməkdaşlığın daha da inkişafı üçün yeni üfüqlər açır. Azərbaycanla Çexiya Respublikası arasında ticarət dövriyyəsinin hər il böyük həcmdə artdığını, təkcə bu ilin yanvar-iyun aylarında bu göstəricinin 308,52 mln. ABŞ dolları olduğunu vurğulayan Natiq Əliyev diqqətə çatdırıb ki, Çexiyanın enerji balansında Azərbaycan nefti təxminən 30 faiz təşkil edir və bu səviyyə qorunmalıdır. Nazir Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çexiya Respublikası Sənaye və Ticarət Nazirliyi arasında “Energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” nun imzalanmaq üçün hazır olduğunu da qeyd edib. Ölkə əhalisinin enerji resursları ilə təminatı məsələsinə də toxunan Natiq Əliyev bildirib ki, indi yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycanla elektrik enerjisinin ötürülməsi sahəsində təcrübə mübadiləsinə maraq göstərdiklərini deyən Jiri Maceska bu istiqamətdə əməkdaşlıq təklifini irəli sürüb. Energetika naziri Natiq Əliyev isə öz növbəsində elektrik enerjisinin Gürcüstan, Rusiya və İran istiqamətində ötürüldüyünü və bu məqsədlə yeni enerji təsərrüfatı obyektlərinin quraşdırıldığını xatırladaraq bildirib ki, Çexiyanın təcrübəsindən bəhrələnmək faydalı olardı.