Xəbərlər

2018-ci ilin May ayı ərzində sahibkarlar tərəfindən Texniki Şuralara 167 müraciət daxil olub

07 iyun 2018

     2018-ci ilin may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

       2018-ci ilin may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara  sahibkarlar tərəfindən 167 müraciət daxil olub.

   Bunlardan 156 müraciət təmin olunub, 11 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1800,24 kVt güc sifariş olunub və 504581,55 AZN qoşulma haqqı ödənilib.

        Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib ki, bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.

      Hazırda 1 və 2 saylı  “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində Texniki Şuralar fəaliyyət  göstərməkdədir. Yaxın vaxtlarda digər regionlardakı “ASAN Xidmət” mərkəzlərində də Texniki Şuraların işə başlaması nəzərdə tutulub. Sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurları isə vahid pəncərə sistemi üzrə 7-dən 3-ə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.