Xəbərlər

Portuqaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Respublikasının Energetika Nazirliyində olub

18 sentyabr 2015

     Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Portuqaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jorj Kabralın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın qlobal enerji məkanında mövqeyi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihə kimi “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi istiqamətində görülən işlər barədə nümayəndə heyətini məlumatlandıran nazir bildirib ki, neftin qiymətinin düşməsi belə iri layihələrin icrasına təsir etməyib. N.Əliyev bildirib ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli olmaqla yanaşı, Türkiyə, Gürcüstan və bir sıra ölkələrin timsalında həm də investisiya ixracatçısı kimi mühüm layihələrə imza atır. O, Portuqaliya ilə də enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu məqsədlə “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Portuqaliya Respublikasının Ətraf Mühit, Planlaşdırma və Enerji Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının və Ticarət-İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın yaradılmasının vacibliyi qeyd olunub. Öz növbəsində səfir Jorj Kabral bildirib ki, Portuqaliya hökumətinin məqsədi ölkənin enerji asılılığını qismən azaltmaq, bu sahədə səmərəliliyi artırmaq və enerji təhlükəsizliyini bərpa etməkdir. Portuqaliyanın, əsasən günəş, külək, geotermal, su və biokütlə enerjisindən istifadə etdiyini deyən səfir Jorj Kabral bildirib ki, Azərbaycan və Portuqaliyanın iş adamları bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər. Qeyd edilib ki, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin həcmi 176, 52 mln. ABŞ dolları olub. Gələcəkdə biznes-forum və işgüzar görüşlərin keçirilməsi isə iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər.