Xəbərlər

İndoneziyanın nümayəndə heyəti Energetika Nazirliyində olub

21 sentyabr 2015

     Azərbaycan Respublikasının Energetika Nazirliyində İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru, Qusti Nyoman Viratmaca Pucanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Energetika naziri Natiq Əliyev Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından, belə görüşlərin əməkdaşlıq əlaqələrinin dərinləşməsindəki rolundan bəhs edib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan nazir bildirib ki, Azərbaycanın yeni mərhələdə enerji məsələləri ilə bağlı üzərinə götürdüyü missiya ölkəmizi neft-qaz hasilatçısı, ixracatçısı kimi ənənəvi çərçivələrdən kənara çıxartmaqla yanaşı, bütün dünayaya energetika sahəsində həm də zəngin təcrübəyə, peşəkar imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edir. Neft emalı sahəsində zəngin təcrübə toplamış Azərbaycan üçün İndoneziya ilə enerji sahəsində əməkdaşlıq geniş perspektivlərə malikdir. İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru, Qusti Nyoman Viratmaca Puca da öz növbəsində Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsindən bəhrələnmək niyyətlərini ifadə edib. O, ölkəsinin gələn ay “Enerji Forumu”nun keçirilməsi təklifi barədə məlumat verərək, deyib ki, bu tədbir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə, iş adamlarının yeni imkanlarla tanışlığına töhfə verəcək. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə İndoneziyanın “Pertamina” dövlət neft şirkəti arasında uğurlu əməkdaşlıq münasibətlərinə də diqqət yönəlib. 2014-cü ildə Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin həcminin 2.045,07 mln., o cümlədən idxalın həcminin 32,75 mln., ixracın həcminin 2.012,32 mln ABŞ dolları təşkil etdiyi, xarici ticarət saldosunun müsbət 1979,57 mln. ABŞ dolları olduğu diqqətə çatdırılıb. 2015-ci ilin yanvar-mart aylarında İndoneziyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 2,95 faiz, o cümlədən idxalda 0,42 faiz, ixracda 4,76 faiz təşkil etdiyi bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər də müzakirə edilib.