Xəbərlər

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub

08 may 2018

      Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsi energetiklər üçün həm də milli enerji strategiyasının banisi kimi əzizdir. İki fərqli siyasi sistemdə Azərbaycana rəhbərlik etdiyi  dövrdə ulu öndərin qətiyyəti, şəxsiyyətinin gücü hesabına ölkəmizi tənəzzüldən, böhrandan inkişaf yoluna çıxardığını vurğulayan nazir deyib ki, Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırıb. Belə ki, ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində neft təsərrüfatı yenidən qurulub, xüsusilə dənizdə neftçıxarma sahəsində böyük nailiyyətlər əldə olunub. Yeni yataqların kəşfi nəticəsində neft-qaz ehtiyatlarının artımına nail olunub. Neft emalı sənayesi və elektroenergetika sisteminin sürətli inkişaf dövrünün də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib.  

    Energetika naziri 90-cı illərdə ulu öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının  qazandırdığı nailiyyətlərdən, Qərb (Bakı-Supsa) ixrac boru kəməri, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb. “Ulu öndər Heydər Əliyevin  bütün bu xidmətləri Azərbaycanın milli enerji strategiyasını formalaşdırdı. Bu siyasət Azərbaycanı regionun lider dövlətinə çevirdi. Beynəlxalq enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyini möhkəmləndirdi. Neft gəlirləri hesabına infrastruktur və sosial layihələr icra olundu. İnsan kapitalı inkişaf etdirildi. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafı təmin edildi.”

     Ulu öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. “Cənub Qaz Dəhlizi” layihəsi, eyni zamanda neft-qaz sektorunda imzalanmış yeni sazişlər, neft emalı sahəsində kompleks tədbirlər, elektroenergetika sektorunda aparılan islahatlar Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.

      Tədbirin yekununda ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib.