Xəbərlər

Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Milli enerji strategiyasının yaradıcısı” adlı məqaləsi dərc olunub

08 may 2018

HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN  MİLLİ ENERJİ STRATEGİYASININ BANİSİDİR

      Malik olduğu liderlik dühası, xalqı və dövlət qarşısındakı misilsiz xidmətləri ilə ölkəmizi regionun əsas inkişaf mərkəzinə çevirən, Azərbaycana Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı, qitələri birləşdirən kommunikasiya qovşağı, mədəniyyətlərarası dialoq məkanı statusu qazandıran Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur.

      Bu, bütün həyatını milli ideyaların reallaşmasına həsr edən, ən çətin məqamlarda xalqın yanında olan və xilaskarlıq missiyasını üzərinə götürən,  çətinliklərə, maneələrə baxmayaraq insanları aydın məqsədlərə doğru apararaq zamanın axarını dəyişən böyük dövlət adamının, dahi şəxsiyyətin öz şərəfli ömrü ilə yaratdığı böyük bir tarixdir.  

 

     Heydər Əliyev Azərbaycan xalqının arzuladığı lider idi. O, milli köklərə,  xalqına bağlılığını hələ 40-50-ci illərdə xüsusi xidmət orqanlarının gənc zabiti ikən dəfələrlə sübuta yetirmişdi. Bu sistemdə milli düşüncənin yayılması, azərbaycanlı kadrların mövqeyinin güclənməsindən ötrü, məhdud imkanlar daxilində olsa belə, müəyyən fəaliyyətə başlamış, hətta buna görə təzyiq və təqiblərlə də üzləşmişdi. Amma bütün bunlar Heydər Əliyevi milli ideallara sadiqlikdən çəkindirə bilməmişdi.

    Ulu Öndərin öz fitri qabiliyyəti, peşəkar bacarıqları, əzmkarlığı hesabına 50-60-cı illərdə vəzifə pillələrində addım-addım irəliləməsi ümumən Azərbaycan xalqının tarixi şansı idi. 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin siyasi karyerasında baş verən daha bir mühüm irəliləyiş, bu baxımdan Azərbaycan milli dövlətçiliyinin gələcək inkişaf istiqamətlərini müəyyən etdi. Həmin tarixdə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. Bu, respublika həyatında böyük bir inkişaf mərhələsinin başlanğıcı idi.

     Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər ölkə həyatında ümumi bir durğunluq əhvalı hökm sürürdü. Azərbaycan bütün sahələr üzrə inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında ən axırıncı yerlərdən birində gəlirdi. Respublika rəhbərliyində baş verən dəyişiklikdən sonra Ulu Öndərin qətiyyəti, şəxsiyyətinin gücü hesabına bu vəziyyət kəskin şəkildə dəyişməyə başladı. Heydər Əliyev Azərbaycanın malik olduğu bütün imkanları ölkəmizin hərtərəfli yüksəlişi üçün səfərbərliyə aldı. İcra edilən ardıcıl inkişaf proqramları, yerinə yetirilən kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları hesabına, eləcə də cəmiyyətdəki neqativ halların aradan qaldırılması sayəsində Azərbaycan çox qısa müddət ərzində bütün sahələrdə keçmiş SSRİ-nin qabaqcıl ölkələrindən birinə çevrildi.

     Azərbaycanın aqrar ölkədən sənaye ölkəsinə keçidi, bütün respublika boyunca qurulan müasir infrastruktur sistemi, yeni təşkil olunan təhsil müəssisələri, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində spesifik ixtisaslara yiyələnməsi üçün yaradılmış imkanlar, elmin inkişafı, cəmiyyətdə qanunun aliliyinin təmin olunması, mədəniyyət, ədəbiyyat və s. sahələrində milli şüurun oyanışı meyilləri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrünün tarixi reallıqlarıdır.

     O illərdə cəmiyyət həyatının elə bir sahəsi yox idi ki, böyük inkişaf axınından kənarda qalmış olsun. Bu şəraitdə ən çox inkişaf edən sahələrdən biri isə məhz energetika sektoru idi. Ötən əsrin 70-80-ci illərində əsas neft mərkəzlərindən biri kimi Azərbaycanın nüfuzunu yenidən bərpa etmək, ölkəmizin neft sənayesində yeni texnologiyaların tətbiqi hesabına hasilatın artımına nail olmaq Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin mühüm hədəfləri idi. Neft təsərrüfatının yenidən qurulması, xüsusilə əsas diqqətin dənizdə neftçıxarmaya yönəldilməsi, bu məqsədlə dənizin dərinliklərindəki sahələrdə işləməyə imkan verən qazma qurğularının, mürəkkəb tikinti işlərini təmin etməkdən ötrü xüsusi gəmilərin, texniki avadanlıqların alınması nəticəsində Azərbaycanın neft sənayesi yeni inkişaf mərhələsinə daxil oldu.

   “Xəzər”, “Şelf” tipli yarımdalma üzən qurğularından istifadə ilə dənizin əvvəl 70, daha sonra 200 metrdən çox dərinliyində kəşfiyyat-axtarış işlərinin aparılması mümkün oldu. “Bahar”, “Səngəçal-Duvannı-dəniz”, “Bulla-dəniz” kimi yataqlar açıldı.

     Bu gün Ulu Öndərin adını daşıyan və ölkəmizin iqtisadi inkişafına xidmət edən Dərin Dəniz Özülləri Zavodunun Həştərxanda deyil, Bakıda inşası, Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması və dəniz yataqlarının kəşfinin intensivləşdiyi bir vaxtda zavodun istismara verilməsi o dövrün əhəmiyyətli uğurları idi. İllər sonra müstəqil Azərbaycan dövlətinin neft strategiyasının həyata keçirilməsində, neft potensialının uzunmüddətli dövr üçün möhkəmləndirilməsində bu zavodun oynadığı rol Heydər Əliyev müdrikliyini, Onun uzaqgörən siyasətini bir daha təsdiqləmiş oldu.

   Bu sahədə müasir infrastrukturun yaradılması və ondan məqsədyönlü istifadə qısa müddətdən sonra Xəzərin Azərbaycan sektorunda, dənizin 80-350 metr dərinliklərində zəngin karbohidrogen ehtiyatlarına malik “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” yataqlarının kəşfi, neft ehtiyatlarının iki, qaz ehtiyatlarının isə üç dəfə artması ilə nəticələndi. Neft-qaz hasilatında azalma meyillərinin qarşısı alındı. Bütün bu tədbirlər, eləcə də böyük həcmdə neft və neft məhsullarının gəmilər vasitəsilə daşınmasına imkan verən Dübəndi dəniz terminalının, eləcə də respublikanın digər yerlərində iri tutumlu neft terminallarının tikilib istismara buraxılması, Azərbaycanı keçmiş ittifaqın vahid neft kəmərinə birləşdirən Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi ölkəmizdə neft emalı və neft-kimya sənayesinin inkişafına da böyük təkan verdi. Bu sahənin modernləşdirilməsi həyata keçirildi. Mövcud zavodlarda yeni qurğuların yaradılması hesabına bu zavodlar o dövrün qabaqcıl standartlarına uyğunlaşdırıldı. 

   Azərbaycanın neft sənayesində aparılan bu strateji əhəmiyyətli dəyişikliklər ölkə iqtisadiyyatının inkişafı üçün möhkəm baza yaradaraq eyni zamanda elektrik enerjisi sektorunda da yeni inkişaf meyillərinə yol açdı. Təsadüfi deyildir ki, ölkəmizin bir əsrdən də artıq tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik illərində başlandı. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” (İES) inşa olundu. 2400 MVt gücündə bu elektrik stansiyası indi də milli energetika sisteminin ümumi generasiya gücünün 33 faizindən çoxunu təşkil edir. Ölkəmizdə istehsal edilən elektrik enerjisinin 36 faizindən çoxu da məhz bu stansiyanın payına düşür.

    1971-ci ildə ümumi gücü 22 MVt olan Araz SES-in inşası, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının, 1982-ci ildə isə ümumi gücü 380 MVt olan Şəmkir SES-in tikilib istifadəyə verilməsi o illərin mühüm nailiyyətləri idi. Bütün bunlara Heydər Əliyev böyük çətinliklər bahasına, Moskvanın etirazlarını, yaradılan süni maneələri aradan qaldıraraq nail olurdu. Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin elektrik enerjisinə olan tələbatının daxili imkanlar hesabına ödənilməsi, idxaldan asılılığa son qoyulması, dayanıqlı elektrik enerjisi təchizatının yaradılması üçün bütün bunlar vacibdir.

    Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilərək, respublikanın dayanıqlı enerji sistemi yaradıldı. O illərdə 330kV-luq “Əli Bayramlı” İES-“Ağdam”-“Gəncə”-“Ağstafa”, Əli Bayramlı-Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis-Vəli və s. kimi elektrik verilişi xətləri, 330/110/20 kV-luq “Yaşma”, “Gəncə”, “Ağstafa”, 330/110/10kV-luq İmişli, 500/ 330/220kV-luq Abşeron, 220/110/10kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verildi. Ulu Öndər Heydər Əliyev sonralar bu şərəfli tarixi xatırlayarkən deyirdi: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə-1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.

    Beləliklə, Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə ölkəmizin hərtərəfli inkişafı prosesinin tərkib hissəsi kimi milli enerji sektorunun yüksəlişi üçün də əsaslı zəmin hazırladı. Onun rəhbərliyi ilə görülmüş işlər, neft-qaz, elektroenergetika sahəsində reallaşdırılmış strateji xarakterli layihələr cəmi bir neçə ildən sonra Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edəcək neft strategiyasının təməlini qoydu. Ulu Öndər Vətəndən uzaqlarda Sov. İKP MK-nın Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində çalışdığı 1982-1987 illərdə də Kremldəki imkanlarından, şəxsi nüfuzundan faydalanaraq Azərbaycanda bir çox sahələr kimi energetika sahəsinin inkişafına dəstəyini davam etdirməyə çalışırdı.

     Ötən əsrin 80-ci illərinin sonlarından başlanan proseslərin məntiqi nəticəsi kimi 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində bir sıra ağır problemlərlə üz-üzə qaldı. Bu problemlər ölkənin neft-qaz sənayesini də əhatə edirdi. Ölkənin iqtisadi müstəqilliyi üçün başlıca ümidlər Azərbaycanın zəngin enerji resursları ilə bağlı olsa da, bu resurslardan istifadə perspektivlərinə baxışlar qeyri-müəyyən idi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın yurd-yuvasından didərgin düşməsi, kütləvi işsizlik, yüksək inflyasiya nəticəsində yaranan sosial-iqtisadi böhran, silahlı qarşıdurmalar, xarici təhdidlər vəziyyəti daha da ağırlaşdırırdı.

     Ölkənin zəngin təbii sərvətlərindən məqsədyönlü istifadə üçün, ilk növbədə bu problemlərin bir qismi yoluna qoyulmalı, ən azı ictimai-siyasi sabitlik təmin olunmalı, xarici təhdidlər neytrallaşdırılmalı, cəmiyyət sabit inkişaf axarına yönləndirilməli idi. Bu tarixi missiyanı 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdan böyük dövlət adamı Heydər Əliyev üzərinə götürdü. Ulu Öndər mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli, hüquqi dövlət quruculuğu prosesinin həyata keçirilməsi, demokratik islahatların aparılması istiqamətində təcili təxirəsalınmaz addımlar atmağa başladı. 1993-cü ilin iyul ayında “Ostankino” dövlətlərarası televiziya şirkətinin müxbirinin ünvanladığı “Azərbaycanın gələcəyini necə görürsünüz?” sualına Heydər Əliyev özünəməxsus dövlətçilik məharəti ilə belə cavab vermişdi: “Mən belə hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. İndi başqa zəmanədir. Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm”.  

    Azərbaycanın müstəqilliyinin təminatçısı ola biləcək əsas vasitə o illərdə məhz neft idi. Amma zəngin neft ehtiyatlarına malik Azərbaycanın bu sərvətdə marağı olan geosiyasi güclərin mümkün mübarizə meydanına çevrilməməsindən ötrü düzgün strateji qərarlar tələb olunurdu. Heydər Əliyevin irəli sürdüyü yeni neft strategiyası bu baxımdan bütün amilləri nəzərə alırdı. Bu strategiya ölkəmizin zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnologiyanın köməyi ilə hasilatına, xarici bazarlara ixracı, satışı və əldə olunan gəlirlərin cəmiyyətin iqtisadi tərəqqisinə yönəldilməsinə imkan yaratdı. Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsaslarını formalaşdırdı. Dünya iqtisadiyyatında enerji ehtiyatlarının istehsalçı və təchizatçılarından biri kimi Azərbaycanın yeri və rolu dəqiqləşdirilərək, onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirildi. Ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə xarici investisiyaların cəlbi, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması qarşıya məqsəd qoyuldu.

     1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsini nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı. Çox çətin və mürəkkəb şəraitdə imzalanmış bu saziş ölkənin iqtisadi və siyasi təhlükəsizliyinin də mühüm qarantı oldu. Tarixdə ilk dəfə Xəzərdə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Yeni texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın neft-qaz hasilatı artdı. Azərbaycanın neft sənayesində başlıca inkişaf əsasən nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının işlənməsi ilə təmin olundu. İşlənmənin əvvəlindən indiyə kimi “Azəri-Çıraq-Günəşli”dən (AÇG) təxminən 455 milyon ton neft, 144,5 milyard kub metr qazın hasilatı da bu yataqlar blokunun əhəmiyyətindən xəbər verir.

    Bundan başqa regionda qısa bir müddətdə qlobal enerji və nəqliyyat dəhlizləri yaradıldı. Heydər Əliyev özünəməxsus müdrikliklə onun da fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, öz milli sərvətlərinin sahibinə çevrilməsi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geopolitik regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Ona görə də neft marşrutlarının alternativliyinə nail olmaq Heydər Əliyevin irəli sürdüyü neft strategiyasının əsas prioritetləri kimi nəzərə çarpırdı. 1999-cu ildə istismara verilmiş Qərb (Bakı-Supsa) ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu. 1999-cu ildən indiyədək təxminən 84 milyon ton neft nəql olunmuş

     Bakı-Supsa kəməri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də, onun ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsəri idi.

    Heydər Əliyevin digər bir tarixi əsəri, Azərbaycanı regional inkişafın, enerji təhlükəsizliyinin aparıcı qüvvəsinə çevirən, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməridir. Bu kəmərin istifadəyə verilməsindən keçən 12 ildə qazanılmış nailiyyətlər də bir daha sübut edir ki, Heydər Əliyevin gələcəyə baxışı kimi BTC-nin iqtisadi və siyasi dividentləri çox böyükdür. BTC-nin Azərbaycan və ümumən region üçün kəsb etdiyi mahiyyət təkcə neft nəqli ilə məhdudlaşmır. Bu kəmər, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsinin ilk və uğurlu təcrübəsi, simvoludur. BTC Azərbaycanı regionun lider dövlətinə çevirən, dünyanın bir çox dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına və beynəlxalq enerji təhlükəsizliyi sisteminə xidmət edən qlobal bir layihədir. Bu kəmərin geosiyasi əhəmiyyəti kimi iqtisadi səmərəliliyi də böyükdür. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunmur. Qazaxıstan, Türkmənistan nefti də bu kəmər vasitəsilə nəql edilir. Heydər Əliyevin adını əbədiləşdirən bu kəmərlə indiyə kimi ümumilikdə 359 milyon ton neft nəql olunub. Neft satışından əldə edilən vəsait ölkəmizdə infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilib, nəticədə ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafı təmin edilib.

     Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş idi. Bu saziş dünyada qaz yataqlarına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirməsi, enerji təhlükəsizliyi kimi prioritetlərin burada necə uzaqgörənliklə proqnozlaşdırıldığını zamanla təsdiqlədi.

     Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz idxalatçısından ixracatçısına çevrildi. Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz ixrac boru kəmərinin çəkilməsinə, bu kəmər əsasında yeni marşrutların tikilməsinə imkan yaratdı. Qeyd edək ki, “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi təxminən 91,7 milyard kubmetr qaz, 23 milyon ton neft hasil olunub. Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) ilə 61 milyard kub metr qaz ixrac olunub.

      Heydər Əliyev bu illərdə neft-qaz sahəsində yaratdığı əsaslı dönüşü elektroenergetika sektorunda da görmək istəyirdi. Ona görə də milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq, Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışı müstəqilliyin ilk illərində həlli vacib vəzifələr kimi müəyyənləşdirilmişdi. Heydər Əliyevin bütün xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqlarda Azərbaycanın elektrik enerjisi təsərrüfatının yenidən qurulması probleminin həlli yolları axtarılırdı. Ulu Öndərin gərgin əməyi sayəsində müstəqillik dövründə “Yenikənd” SES, “Naxçıvan” İES, qaz turbin tipli “Şimal” İES və “Bakı” İstilik Elektrik Mərkəzi istismara verildi. “Mingəçevir” SES-in yenidən qurulması, 330kV-luq Ağcabədi, 110kV-luq Bərdə yarımstansiyalarının və 330kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi. Bütün bunlar müstəqil Azərbaycanı müasir dünyanın mühüm enerji mərkəzi kimi tanıdan çox əhəmiyyətli nailiyyətlərdir.

    Heydər Əliyevin xalqın ümummilli lideri kimi böyüklüyü həm də onda idi ki, Ulu Öndər irəli sürdüyü ideyaları özünün fiziki ömrü ilə məhdudlaşdırmır, gələcəkdə də bu ideyaların davamını görür və bunun üçün strateji hazırlıqlar aparırdı. Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğuru idi. Ulu Öndərin irəli sürdüyü neft strategiyasının icrası prosesində prezident İlham Əliyev ilk günlərdən ən aparıcı simalardan biri kimi iştirak etmiş, bu prosesə böyük töhfələr vermişdi. Bu sahənin peşəkar bilicisi kimi dövlət başçısı Azərbaycanın neft strategiyasını yeni nailiyyətlərlə daha da inkişaf etdirdi. “Ümid” yatağı, “Abşeron”, “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl” və “Şəfəq-Asiman” strukturları ölkənin neft-qaz strategiyasının yeni mərhələdə qazanılmış mühüm uğurları oldu. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilənin, bu yaxınlarda isə 25 illik müddətə “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkənin enerji strategiyasında yeni bir səhifə açdı. Bu nailiyyətlər Azərbaycanın böyük həcmdə karbohidrogen ehtiyatlarına malik olması ilə bərabər, həm də bütün dünyada qazandığı etibarlı tərəfdaş imicindən, xarici partnyorların ölkəmizlə tarixin sınağından çıxmış əməkdaşlığa yüksək inamından irəli gəlir. Dünya neft sənayesinin qarşıdakı onilliklərdə böyük həcmlərdə investisiyaya ehtiyac duyduğu halda bir-birinin ardınca belə anlaşmaların əldə olunması ölkənin neft sənayesinin gələcək inkişafı üçün etibarlı zəmanətdir. Bütün bunlar hasilatın sabit saxlanması və ixrac imkanlarının davamlılığını təmin edir.

    Prezident İlham Əliyevin AÇG-də əsasını qoyduğu ikinci mərhələnin gələcək perspektivlərini, hazırda “Şahdəniz”də görülən işlər, yeni boru kəməri layihələri, daha artıq hasilat həcmləri, böyük iqtisadi və siyasi dividentlər təmin edən bugünkü parlaq nəticələr tamamlayır. Əgər 20-ci “Əsrin müqaviləsi”nin yaratdığı tarixi nailiyyətlər BTC kimi qlobal layihənin reallaşması oldusa, 21-ci “Əsrin müqaviləsi” sayılan Cənubi Qaz Dəhlizi çərçivəsində bu il də “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəməri” və TANAP kimi ideyalar gerçəkliyə çevriləcəkdir. Əsaslı işlərin qlobal iqtisadi böhran və maliyyə çətinlikləri dövrünə düşməsinə baxmayaraq, böyük maliyyə vəsaiti tələb edən və genişmiqyaslı infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”nin uğurla icrası Azərbaycanın irimiqyaslı layihələri həyata keçirmək əzmini bir daha nümayiş etdirir. Nəinki təbii qaz ehtiyatları ilə bu strateji layihənin mənbəyi, həm də öz iradəsi ilə bu ehtiyatların Avropa bazarlarına nəqlinin müəllifi kimi Azərbaycan  bu gün enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edilir. Çünki “Cənub Qaz Dəhlizi” təkcə ölkəmizin ixracatçı, tranzit rolunda  uzunmüddətli inkişafını təmin etmir, həm də böyük bir qitədə çoxtərəfli əməkdaşlıq modelini formalaşdırır. İmkanları və perspektivləri ilə  mövcud istehsalçı və istehlakçılarla bərabər, həm də gələcəkdə öz resurslarını bu dəhliz vasitəsilə dünya bazarlarına çıxarmaq istəyən istənilən enerji ölkəsinin maraqlarına cavab verir. Bir sözlə, bu gün böyük bir coğrafiyada Avropanın enerji təhlükəsizliyi üçün yeni mənbə və marşrut təklif edən, bir təchizatçıdan asılılığı aradan qaldıran enerji diversifikasiyası, dekarbonizasiya məqsədinə xidmət göstərən “Cənub Qaz Dəhlizi” də Heydər Əliyevin 22 il əvvəl verdiyi tarixi qərarın bəhrəsi, bu ideyaları addım-addım reallaşdıran Azərbaycan Respublikasının siyasi iradə və yüksək qətiyyətinin təntənəsidir.

   Prezident İlham Əliyev Ulu Öndərin neft emalı, neft-kimya, elektroenergetika sahəsində əsasını qoyduğu işləri də Azərbaycan üçün möhtəşəm nəticələrə çevirir. Neft-qaz və kimya sənayesi məhsulları üzrə Azərbaycanın idxaldan asılılığının azaldılması, respublikamızın emal məhsullarının ixracında da regionun aparıcı ölkəsinə çevrilməsi üçün neft emalı və neft-kimya istehsalat sahələrinin inkişafı ilə bağlı tədbirlər, layihələr həyata keçirilməkdədir. Bu tədbirlərə misal olaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasını, bitum, Avro-5 standartlarına uyğun dizel yanacağı və avtomobil benzini istehsalı üçün yeni qurğuların tikilməsini, “SOCAR-Polimer”, Karbamid zavodu, həmçinin Sumqayıt Kimya Sənaye Parkında neft-kimya məhsullarının istehsalı ilə bağlı layihələri qeyd etmək olar. “SOCAR Polymer” və Karbamid Zavodunun bu il istismara verilməsi planlaşdırılır.

   Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində elektroenergetika sahəsində də böyük nailiyyətlər əldə edilir. Ölkənin elektrik enerjisi sistemi yenidən qurulur. Elektrik enerjisinin ixracatçısı kimi Azərbaycanın mövqeyini möhkəmləndirən tədbirlər görülür. Ötən 27 il ərzində 3029,1 MVt gücündə 26 yeni elektrik stansiyası istismara verilərək mövcud stansiyaların sayı 32-ə çatdırılıb, generasiya gücü artırılıb. Hazırda öz enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycanın enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu həm də qonşu ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

 

    Beləliklə bu nailiyyətlərin hər birini diqqətlə təhlil edərkən Ulu Öndərimiz Heydər Əliyevin qərar və təşəbbüslərinin nə qədər strateji əhəmiyyət daşıdığını, zamana geniş rakurslu baxışları əks etdirdiyini və Azərbaycanın uzaq milli hədəflərini  özündə ehtiva etdiyini görürük. Heydər Əliyev ideyaları məhz bu səbəbdən alternativsiz və əbədidir.

 

Pərviz Şahbazov 

Azərbaycan  Respublikasının energetika  naziri