Xəbərlər

Pərviz Şahbazov Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib

16 fevral 2018

     Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının dördüncü iclası  çərçivəsində bir sıra görüşlər keçirib. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığı və Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsinə davamlı dəstəyi ətrafında fikir mübadiləsi aparılıb. Layihə üzrə işlərin gedişatı barədə məlumat verən nazir ABŞ-ın Məşvərət Şurasının toplantısında yüksək səviyyədə təmsil olunmasını “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə xusisi diqqətin göstəricisi kimi qiymətləndirib. Xanım Syu Saarnio isə ABŞ Prezidenti, Dövlət katibinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bu layihəyə böyük önəm verdiyini diqqətə çatdırıb.

     Energetika naziri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç ilə də görüşüb. Pərviz Şahbazov Avropa Komissiyasının Məşvərət Şurası təşəbbüsünün reallaşmasında aparıcı rolunu qeyd edərək, “Cənub Qaz Dəhlizi”nin Avropanın ümumi maraqlar layihəsinə yenidən daxil edilməsini yüksək qiymətləndirib. Söhbət zamanı Avropa Komissiyasının Azərbaycan qazının 2020-ci ildə Avropa bazarına çıxarılması üçün   davamlı dəstəyinin zəruriliyi ifadə edilib.

    Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri  Dimitri Kumsişvili ilə görüşdə isə layihə üzvü kimi bu ölkənin rolundan, birgə həyata keçirilən enerji layihələri ilə regionda enerji təhlükəsizliyi və iqtisadi inkişafın  təməlini qoyan və möhkəmləndirən üçtərəfli əməkdaşlıq formatından danışılıb. “Cənubi Qafqaz Boru Kəmərinin Genişlənməsi” layihəsinin yekunlaşmaqda olan icra vəziyyəti dəyərləndirilib.  

     Pərviz Şahbazovun iclas gedişatında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevlə də görüşü baş tutub. Görüşdə iki ölkə arasında  enerji əməkdaşlığının hazırkı vəziyyəti, gələcək inkişaf istiqamətləri müzakirə edilib. 

  “Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsini ilk gündən dəstəkləyən ölkədir və hökumətin Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi istiqamətində işləri intensivləşdirməsini alqışlayırıq.” Bu fikirləri isə energetika naziri Pərviz Şahbazov Bolqarıstanın energetika naziri  xanım Temenujka Petkova ilə görüşdə səsləndirib.  Bolqarıstanlı nazir deyib ki,  TAP  layihəsi ilə ölkəsinin qaza olan tələbatının 40 faizi ödənəcək, həm də birləşdirici kəmər vasitəsilə digər ölkələrin qaz təchizatına töhfə veriləcək.

    Pərviz Şahbazovun görüşdüyü şəxslər arasında Rumıniyanın energetika nazirinin müavini Yuliyan Robert Tudorake və Xorvatiyanın Ətraf Mühit və Energetika Nazirliyinin dövlət katibi İvo Milatiç  də olub. Rumıniyanın ilk dəfə olaraq Məşvərət Şurasında iştirakı layihəyə marağın göstəricisi kimi qeyd edilib. İon-Adriatik Qaz Kəməri (İAP) layihəsinin  həyata keçirilməsi ilə Xorvatiya kimi ölkələrin qaz təchizatı məsələsi müzakirə edilib.

   “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilmə məsələləri isə energetika naziri Pərviz Şahbazovun  Dünya Nabkının nümayəndəsi Əbdüləziz Faqi, Asiya İnkişaf Bankının energetika şöbəsinin direktoru Aşok Bhargava və Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya və Mərkəzi Asiya üzrə rəhbəri Aida Sitdikova ilə görüşlərdə müzakirə edilib.

     Qeyd edək ki, Məşvərət Şurası çərçivəsində  TAP-ın icraçı direktoru Luka Şipatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüş keçirilib. Söhbət zamanı TAP layihəsinin vaxtında başa çatdırılması üçün İtaliya ərazisintə tikinti işlərinin sürətləndirilməsinin  vacibliyi qeyd olunub.