Xəbərlər

Energetika naziri Pərviz Şahbazov bir sıra enerji obyektlərinə baş çəkib

18 dekabr 2017

     Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb. Bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub. Müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyalarından biri kimi  ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edən bu infrastruktur qurğusu barədə nazirə ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən istismara verilmiş stansiyanın fəaliyyəti keyfiyyətlilik və qənaətlilik prinsipinə əsaslanır. “Cənub” Elektrik Stansiyası analoji stansiyalardan fərqli olaraq faydalı iş əmsalı, sərfiyyat kimi məsələlərdə bir sıra üstünlüklərə malikdir.

    Sonra energetika naziri yağ və quru tipli transformatorlar istehsal edən “ATEF Şirkətlər Qrupu” MMC-də olub, inkişaf etmiş ölkələrin texnologiyaları əsasında qurulmuş istehsalat prosesi ilə maraqlanıb.

     Pərviz Şahbazov Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Qaradağ rayonu ərazisindəki “Səngəçal Elektrik Stansiyası”na da baş çəkib. Ümumi gücü 300 meqavat olan bu modul tipli stansiyanın qaz, mazut və dizellə işləmək imkanına malik olduğu qeyd edilib.

    Dünyanın ən böyük neft və qaz terminallarından olan “Səngəçal” terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsinə də gələn energetika nazirinə layihə üzrə tikinti və quraşdırma işlərinin gedişatı barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivsində işlər yekunlaşmaq üzrədir. Genişləndirmə tədbirləri ildə əlavə 16 milyard kubmetr qaz emalına imkan yaratmaqla, terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.

   Daha sonra Bakı İstilik Elektrik Mərkəzində (İEM) olan Pərviz Şahbazov istehsal prosesinin dayanıqlılığını artırmaq məqsədilə həyata keçirilən tədbirlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib.