Xəbərlər

Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsinə dair müzakirələr aparılıb

30 noyabr 2017

     Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili ilə bağlı energetika nazirinin  10 noyabr 2017-ci il tarixli əmri ilə  yaradılmış işçi qrupun bu günlərdə üç iclası keçirilib. İşçi qrupunun tərkibi Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Azərsu”  açıq səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrindən  formalaşdırılıb.

     İclaslarda da adıçəkilən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası  və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin bir illik hesabatının hazırlanması əlaqələndirici qurum kimi Energetika Nazirliyinə həvalə olunub. Bu məqsədlə   “Azərenerji”, “ Azərişıq” və  “Azərsu”  açıq səhmdar cəmiyyətlərinə  müvafiq göstərişlər verilib. Bu qurumların əsas və digər icraçı qismində iştirak etdikləri  bütün tədbirlər üzrə görülmüş işlərə dair yekun  məlumatları cari ilin  1 dekabrına qədər Energetika Nazirliyinə təqdim etmələri razılaşdırılıb.