Xəbərlər

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

10 noyabr 2017

     Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsu qəbul edib. Bütün sahələrdə yüksək inkişaf səviyyəsinə malik Azərbaycan-Böyük Britaniya əlaqələrindən danışan energetika naziri iki ölkə arasındakı münasibətlərdə enerji əməkdaşlığının xüsusi yer tutduğunu qeyd edib. 1994-cü ildən başlayaraq, Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaratdığını deyən Pərviz Şahbazov bildirib ki, Azərbaycanın yeni neft strategiyasına dəstək verən, eləcə də Xəzər regionunun neft və qaz ehtiyatlarına ilk maraq göstərən ölkələr sırasında  Böyük Britaniya xüsusi yer tutur.

     Görüşdə Azərbaycanın neft-qaz sektorunun inkişafı və enerji təhlükəsizliyindəki rolunun gücləndiriməsində BP ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması Azərbaycan-Böyük Britaniya əlaqələrinin uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradacaq. Pərviz Şahbazov həmçinin ölkəmizdə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlərə diqqət yönəldərək, bu istiqamətdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

     Səfir Kerol Meri Krofts da iki ölkənin uğurlu münasibətlərinin təməlində enerji əməkdaşlığının dayandığını deyərək, Azərbaycanı enerji sahəsində  Böyük Britaniyanın strateji  tərəfdaşı adlandırıb. Səfir bu tərəfdaşlığın BP-nin iştirakı ilə reallaşdırılan layihələrlə davamlı olacağını, əlaqələrin iqtisadi sahədə genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Böyük Britaniya  Azərbaycana ən çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycanda nəhəng beynəlxalq firmalardan tutmuş, kiçik və orta müəssisələrə kimi, 400-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. Gələcəkdə  planlaşdırılan səfərlər investisiya mühitinin dəyərləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində mühüm  rol oynayacaq.

    Görüşdə müasir enerji bazarında aktuallıq kəsb edən məsələlərə dair də geniş fikir mübadiləsi aparılıb.