Xəbərlər

Energetika Nazirliyində “LNG texnologiyaları” üzrə təqdimat olub

01 noyabr 2017

    Energetika Nazirliyinin dəstəyi ilə “Wartsila” korporasiyası tərəfindən “LNG texnologiyaları”nın Azərbaycanda istifadəsi ilə bağlı təqdimat keçirilib.  Korporasiyanın mayeləşdirilmiş qazın daşınmasında və onun gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində  böyük təcrübəyə malik olduğunu deyən energetika nazirinin müavini Natiq Abbasov LNG texnologiyalarından Azərbaycanda uğurla istifadə perspektivini nəzərə alaraq Energetika Nazirliyinin tədbirə dəstək verdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Azərbaycan “Wartsila” şirkətinin Xəzər regionundakı əsas tərəfdaşlarından biridir. Artıq 12 ildir ki, Azərbaycanda çalışan bu şirkət respublikamızda əsasən neft və qaz sənayesi, elektrik enerjisi istehsalı, dəniz daşımaları sahəsində fəaliyyətlə məşğuldur. “Wartsila” 2005-ci ildən 2010-cu ilədək ölkəmizin ərazisində ümumi gücü 880 meqavat olan modul elektrik stansiyalarının tikilməsi və istismara verilməsi layihələrini uğurla həyata keçirib. Şirkətin avadanlığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi dünya əhəmiyyətli layihənin reallaşmasında mühüm rol oynayıb. Natiq Abbasov deyib ki, Səngəçalda mövcud  istilik elektrik stansiyanın  yaxınlığında  gücü 385 MVt  olan yeni “Səngəçal-2” stansiyasının tikintisi nəzərdə tutulub.  Stansiyanın elektrik avadanlıqları ilə təchizatını  da  “Wartsila”  şirkəti həyata keçirəcək.

    “Bizim üçün enerji sahəsində yeni texnologiyaların və inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi əsas prioritetlərdəndir” - deyən nazir müavini bu baxımdan “Wartsila”nı bu sahədə əməkdaşlıq üçün ən münasib şirkət hesab edib.

    “Wartsila” korporasiyasının Şərqi Avropa üzrə regional direktoru Yan Tallqren təmsil etdikləri şirkətin dünyanın 90 ölkəsində fəaliyyət göstərdiyini və enerji sektorundakı fəaliyyətinin üç istiqaməti əhatə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, şirkət modul elektrik stansiyalarının tikilib istismara verilməsi, neft və qaz kompressor avadanlığı, ləvazimat, avtomatika və enerjipaylama sistemləri də daxil olmaqla, gəmiçilik sahəsi üçün avadanlıq, xüsusilə gəmi mühərrikləri istehsalında dünya liderlərindəndir. “Wartsila” indi dünyada yeni trendlərdən olan mayeləşdirilmiş qazın tankerlərlə daşınması, saxlanması, yenidən təbii qaza çevrilməsi prosesində ən münasib variantı təqdim edə bilər.

Daha sonra şirkətin Avropa və Afrika regionu üzrə direktoru Aleksandr  Staritsin “Dəniz həlləri və LNG” daşıyıcıları mövzusunda təqdimatla çıxış edərək korporasiyanın fəaliyyətində enerji səmərəliliyi və ekoloji təhlükəsizliyin başlıca xətt olduğunu qeyd edib. Mayeləşdirilmiş qazın dəniz vasitəsilə daşınmasında və saxlanmasında istifadə olunan məhsulların da 80 faizinin “Wartsila”ya məxsus olduğunu deyib. Məhsulların rəqəmsallaşmasının indi mühüm əhəmiyyət kəsb etdiyi, bu yolla gəmidə olan məlumatların toplanmasının asanlaşdığı və korporasiyanın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədqiqatlar aparılmasına geniş imkanlar yaratdığı vurğulanıb. Bildirilib ki, korporasiya LNG texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə ötən il elmi-tədqiqat işlərinə 130 milyon avro vəsait sərf edib.

     Korporasiyanın qaz terminalı üzrə istehsalat meneceri Elfven Torbyorn  “Azərbaycan üçün LNG infrastrukturu” üzrə təqdimat edib. Boru kəməri ilə müqayisədə sıxılmış qazın tankerlərlə nəqlinin üstünlükləri barədə məlumat verilib. Gələcəkdə əməkdaşlıq üçün ayrı-ayrı istiqamətlər üzrə təkliflər irəli sürülüb.

   Tədbirdə elektriklə çalışan nasos sistemləri və sistem inteqrasiyasının faydaları,eləcə də ballast sularının idarə edilməsi sistemi ilə bağlı təqdimatlar olub. Təqdimat mərasimində Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin məsul şəxsləri iştirak ediblər.

    Tədbir işini noyabrın 2-də də davam etdirəcək.