Xəbərlər

Energetiklərin peşə bayramı günü qeyd edilib

20 oktyabr 2017

    20 oktyabr – “Energetik Günü” münasibətilə Energetika Nazirliyində tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov bu əlamətdar gün münasibətilə Azərbaycanın bütün energetiklərini təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərimizin peşə bayramı günü kimi təsis edilməsini dövlətimizin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib. Energetika sektorunun iqtisadiyyatın inkişafında həlledici rol oynadığını deyən nazir bildirib ki, elektroenergetika sektorunun modernləşməsi və dünyada cərəyan edən qlobal dəyişikliklərə, yeni çağırışlara uyğun inkişaf etdirilməsi ölkə energetikləri qarşısında duran başlıca vəzifələrdir.

    Azərbaycan energetiklərindən bir qrupunun bu gün ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə yüksək dövlət mükafatlarına layiq görüldüyünü xatırladan Pərviz Şahbazov energetiklərin əməyini həmişə yüksək qiymətləndirən, onların fəaliyyətini, elektroenergetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan ölkə Prezidentinə Nazirliyin kollektivi adından minnətdarlığını bildirib.