Xəbərlər

Energetika naziri Pərviz Şahbazov Türkiyə səfirini qəbul edib

18 oktyabr 2017

    Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Respublikasının Energetika Nazirliyində olub. Səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb. Ümidvar olduğunu bildirib ki, bu təyinat iki ölkə arasında enerji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək. Erkan Özoral Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan TANAP (Trans-Anadolu qaz boru kəməri) layihələri barədə regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıq nümunələri kimi bəhs edib. Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

    Nazir kimi ilk görüşünün Türkiyə səfiri ilə keçirilməsinin ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu diqqətə çatdıran energetika naziri Pərviz Şahbazov bu münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sahəsində yüksək əməkdaşlığı təmin etdiyini bildirib. Qeyd edib ki, həyata keçirilən enerji layihələri hər iki ölkənin regionda daha da güclənməsi, tranzit potensialının genişlənməsi baxımından çox önəmlidir. Nazir iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yönəldib. Bu sahədə müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunda olduğunu nəzərə çatdırıb.

    Görüşdə Azərbaycan - Türkiyə enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.