Xəbərlər

Energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələr Forumunun 3-cü Sammitində çıxış edib

21 noyabr 2015

     Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev noyabrın 23-də Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Sammitində çıxış edib. Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumuna Azərbaycanın müşahidəçi qismində qəbul edilməsi münasibətilə ölkəmizi təbrik etdiyinə görə İran və Rusiya prezidentlərinə və Forumun bütün üzvlərinə təşəkkür edib, Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycanın son 20 ildə qaz sahəsində qonşu dövlətlərlə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdıran energetika naziri Natiq Əliyev bildirib ki, İran, Türkiyə, Qazaxıstan və Rusiya ilə qaz sahəsində əməkdaşlıq əlaqələri və birgə işlər davam etdirilir. Qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Azərbaycan böyük təcrübə qazanıb və təbii qaz ixrac edən ölkələr arasında fərqlənir. Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində üzv olmaqla onun irəli sürdüyü problemlərin həll edilməsi və qəbul etdiyi qərarların həyata keçməsi üçün öz dəstəyini göstərəcək. Natiq Əliyev Azərbaycanın təbii qaz ixracı sahəsində həyata keçirdiyi beynəlxalq layihələr haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan neft və qazın nəqli üçün yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsini təklif edir. Azərbaycan qazının Avropaya nəqli üçün reallaşdırılan Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmaq da qaz ixrac etmək istəyən region ölkələri üçün səmərəli ola bilər. Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi ( Azərbaycan, Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var.