Xəbərlər

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev brifinq keçirib

27 noyabr 2015

     Energetika Nazirliyində energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) Tehranda keçirilmiş 3-cü Sammitinin yekunu və Azərbaycanın Foruma müşahidəçi qismində qəbulu ilə əlaqədar jurnalistlər üçün brifinq keçirib. Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 17-ci iclasında Azərbaycanın yekdilliklə dünya qaz ehtiyatının 85%-i özündə cəmləşdirən GECF-ə müşahidəçi qismində qəbulunu yüksək qiymətləndirərək, təşkilatın ölkəmizin mövqeyninin ifadəsi üçün bir platforma rolunu oynayacağını diqqətə çatdırıb. Növbəti 5 ildə Azərbaycanın qaz sahəsində nəhəng proqramların, ölkəmiz tərəfindən qoyulan böyük sərmayələrin və layihələrin həyata keçirilməsi nəticəsində Avropa üçün mühüm ölkəyə çevriləcəyini, “Cənub Qaz Dəhlizi”nin reallaşması ilə mövqeyinin daha da güclənəcəyini vurğulayan energetika naziri Trans-Anadolu qaz-boru kəməri (TANAP), Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə dair ətraflı məlumat verib. Respublikada yanacaq-energetika kompleksinin inkişafı, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar, ölkənin qazlaşdırılması, “Enerji resurslarından səmərəli istifadə və son təlabatçıların enerji effektivliyi üzrə dövlət Proqramı (2015-2025–ci illər)” layihəsinin hazırlanması barədə də danışılaraq, jurnalistlərin sualları cavablandırılıb.