Xəbərlər

Türkmənistanda “Şərq-Qərb” qaz kəmərinin açılış mərasimi keçiriləcək

16 dekabr 2015

      23 dekabr 2015-ci il traixində Türkmənistanın Balkan vilayətində ölkənin Şərq hissəsinin iri qaz yataqlarını onun Qərb regionları və Xəzər sahilləri ilə birləşdirən “ Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimi keçiriləcək. Türkmənistanın Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək qeyd edilir ki, bu layihəTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin diversifikasiyası, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq.Bu baxımdan,“Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimində iştiraka dəvət edilib.